Həyatda üz tutduğumuz, baş alıb getdiyimiz yollar qədərincədi. Mənə görə, bu yollardan ilkini evimizdən, ocağımızdan keçib-gedən rizlərdən - cığırdan, izdən başlayır. Hər yolun da başlanğıcı və qurtaracağı bir eldi, məkandı. Və burdan o yana hər gələn nəsil gələcək ömrünə yol alır. Yolu da ki, başladın, gərək onu əzmlə, hünərlə gedə biləsən. Bu yollarda həyatına əlvanlıq gətirən cəhətlər: təzadlar, rəngarəngliklər, uğurlu-uğursuz aylar, illər də yetərincədi. Bütün bu təzadlı ömrü qoynunda yaşadığımız məkan da bizdən ötrü əzizdir, həm də qürurvericidir. Təki onu qanda-canda qövr edən qüdrət və məhəbbətlə sevə, adını ucalara yüksəldə biləsən. Çünki vətən də, onun hər bir məkanı, məskəni də bizim üçün doğmadır, ehtişamlıdır...
Təəssürat, tanıtım xarakterli bu yığcam yazıda ötən həftələrdə doğma Bakımızın ətrafında sıx birləşən qanad-məkanlar haqqında söhbətimizin davamı olaraq bu dəfə də Binəqədi rayonuna səfər etmək niyyətindəyik. Səfərlərimizə həmişə olduğu kimi, al şəfəqli bir səhərdə başladıq. Sabahınız xeyir olsun, əziz binəqədililər!
Əlbəttə ki, bizim üçün (elə oxucularımız üçün də!) ilkin olaraq bu rayonun yaşı, yaranma tarixi, coğrafi ərazisi haqqında məlumatlara nəzər yetirmək maraqlıdır. Sözün bu məqamında araşdırmalara, tədqiqat materiallarına müraciət edəcəyimiz də məqsədə müvafiqdir. Bu gün Binəqədi rayonunun inkişafı, əhalisinin rəşadətli əməyi, fəaliyyəti isə göz-könül yaddaşımızın güzgüsündə göründüyü kimi əks olunacaqdır...
Binəqədi Bakının şimalında, Binəqədi rayonunda Böyük şor gölünün qərbində, 50-70 m hündürlükdə yerləşir. Qəsəbə coğrafi mövqeyinə görə Abşeronun mərkəzinin qərb hissəsində yerləşərək Xırdalan, Rəsulzadə, Biləcəri, Mehdiabad ilə qonşuluqdadır. Binəqədi Abşeronun ən qədim kəndlərindən hesab edilir. Bu ərazi 1936-cı ildə qəsəbə statusu almışdır. Əvvəllər Kirov rayonu kimi tanınmış bu yer ölkəmizdə müstəqilliyin bərpasından dərhal sonra, 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarı ilə Binəqədi rayonu adlandırılmışdır.
Bəzi tarixi məlumatlara və hazırda Binəqədidə yaşayan yaşlı insanların dediyinə görə, Binəqədi kəndi Bakının ən qədim kəndlərindəndir. Bu kəndin adı əvvəllər Bineyiqədim, sonralar Bineyiqazi və nəhayət, gəldikcə dildə formalaşaraq Binəqədi adlandırılmışdır.
Qədim dövrlərdə Binəqədi əhalisi əsasən əkinçilik, heyvandarlıq, toxuculuq və ticarətlə məşğul olmuşlar. Onlar mal-heyvanı dağ və dağətəyi yerlərə aparmış və kəndə ancaq qış aylarında dönmüşlər. Bununla yanaşı, Binəqədi əhalisi duz çıxarmaq, təmizləmək və satmaq işlərilə də məşğul olmuşlar. Başqa bir məqam isə budur ki, Binəqədi əhalisi birbaşa həyətlərində çıxan neftdən də bəhrələnmişlər. Yer qatı üstündə olan bu neftdən (mazutdan) əsasən bir çox dərdlərin dərmanı kimi istifadə olunmuş, Şirvanın ayrı-ayrı yaşayış bölgələrində də, bəzi xəstəliklərin müalicəsində şəfavericisi vasitə kimi işlədilmişdir...
Hələ ötən əsrin 40-cı illərində Binəqədi yaxınlığında qədim kərgədanın elm aləminə məlum olmayan skeleti tapılmışdır. Tarixçi-alim R. İmaməliyev yazırdı ki, əldə edilən nadir tapıntılar əsasında Azərbaycan tarixşünaslığı və arxeologiyası dünyada ilk dəfə olaraq IV dövr faunasını müəyyənləşdirə bilmişlər. Elm aləmində nəsli kəsilmiş heyvan qalıqlarının çoxluğuna və növ müxtəlifliyinə görə Amerika Birləşmiş Ştatlarından sonra ikinci yerdə Azərbaycan dayanır. “Binəqədi faunası” dünya təbiətşünasları arasında çox məşhur bir terminə çevrilib.
Bu tarixi məqamlara bir qədər də geniş nəzər yetirsək, belə bir məlumatdan da xəbərdar olarıq ki, 1963-cü ildə Binəqədidə Tunc dövrünün sonlarına aid olan qəbirdən qadın skeleti, tunc üzük, sancaq, qolbaq, 200-ə qədər muncuq, cilalanmış qara boyalı gil qab, gil piyalə və digər əşyalar aşkar edilmişdir. Eləcə də, Binəqədidə ilk tapılan neft yataqları Bakı şəhərinin 8-10 km şimalında, Abşeron yarımadasının mərkəzi hissəsindədir. Bu sahədə Keyrəki, Abix, Ziyilpiri, Keçəldağ, Kiçikdağ palçıq vulkanları, Masazır, Bostanarşor, Binəqədişor və s. şor göllər mövcuddur. Burda onu da qeyd etməyi vacib sanırıq ki, Binəqədi ərazisində olan bir çox qəsəbələrin (Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, 28 May) də özlərinə məxsus tarixi vardır.
Qədim dövrlərə aid olan bu tapıntı və tarixi məlumatların sayını, miqyasını artırmaq da olar. Lakin məqsədimiz həm də bugünkü Binəqədi rayonunun mənzərəsi, sosial-iqtisadi gerçəkliklərindən də qısaca bəhs etmək, binəqədililərin simasında bu yeniliklərə rəğbətimizi bildirməkdir.
Bu gün Binəqədi ətrafında neft mədən ərazisinin böyük hissəsi yaşayış yerlərinə çevrilmişdir. Qəsəbədə özəl tibb müəssisələri, internat, musiqi məktəbi, 2 ATS, mədəniyyət və gənclər evi, poçt məntəqəsi, 2 kitabxana, və digər sosial binalar vardır. Bakının digər rayonlarında olduğu kimi, Binəqədi rayonunda da əhalinin istirahəti də məqsədli şəkildə yenidən qurulmuşdur. Belə ki, bu ərazidə bir neçə istirahət parkı, o cümlədən Heydər Əliyev, Zərifə Əliyeva adına gözəl, yaraşıqlı parklar, R. Aboyev adına mədəniyyət və istirahət parkı, Biləcəri rayon, Ayna Sultanova adına parklar və digər parklar və bağlar binəqədililərin boş vaxtlarında üz tutduqları mədəni istirahət yerlərindəndir. Bu da maraqlı bir faktdır ki, Binəqədi rayonunda yerli özünüidarəetmə orqanı olan 5 bələdiyyə fəaliyyət göstərir, bunlar da əhalinin həyat və məişətində yaranmış problemlərin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edirlər.
Bakının gözəl və yaraşıqlı olmasında, onu qanadlar kimi əhatə edən rayonların günü-gündən inkişaf etməsi, yeni və gözoxşayan görünüşə malik olması ürəkaçandır, könül oxşayandır. Bu inkişafda, heç şübhəsiz, Binəqədi rayonunun da öz payı vardır. Bu rayon özünün yeni adına sahib olduğu vaxtdan sanki təzədən dirçəldi, çiçəklənmə dövrünə qədəm qoydu. Həmin vaxtda ulu öndər Heydər Əliyevin diqqəti və qayğısı sayəsində hər yerdə olduğu kimi, Binəqədi rayonunda da yeni quruculuq işlərinə başlanıldı, xeyli irəliləyişlərə nail olundu. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dövlətimizin başçısı cənab İlham Əliyevin ölkənin sosial, iqtisadi və mədəni inkişafına nail olmaq üçün həyata keçirdiyi irimiqyaslı layihələrdən Binəqədi rayonu da bəhrələnmiş, öz simasını dəyişmişdir. Burda inşa olunmuş yeni yaşayış və inzibati binalar rayonun görkəminə yaraşıq verir.
Bütün sahələrdə aparılan yenidənqurma işləri, əlbəttə ki, Binəqədi rayonunun vüsətli inkişafından xəbər verir. Zəhmətkeş əhalinin diqqəti, qayğısı da hər bir sahədə özünü büruzə verir. Belə bir vüsətli inkişaf özünü Binəqədi rayon camaatının həyat tərzində, yaşayışında, milli təəssübkeşliyində, mənəvi dəyərlərin qazanılmasında göstərir. Bunlar Binəqədi əhalisində vətənçilik əxlaqının ucada olmasının ümdə göstəricisidir. Bütün bunlar həm də ona dəlalət edir ki, binəqədililər də milli dövlətçiliyimizin qorunması və möhkəmlənməsinə hər zaman öz töhfələrini verməkdə israrlıdırlar. Bu isə xalqla dövlətin eyni maraq müstəvisində olmasının, birgə fəaliyyətinin bariz nümunəsidir. Azad və müstəqil yaşamağın yolu da məhz bu amaldan keçir. İşləriniz avand olsun, əziz binəqədililər!
Şəfəq Nasir
Respublika.–2019.–19 iyun.-№130.–S.5.