2030-cu ildə paytaxtımızda metro stansiyalarının sayı 76-ya çatacaq
Yarım əsrdən artıqdır ki, Bakı metrosu fəaliyyət göstərir. Bu gün paytaxtda sərnişinlərin böyük əksəriyyətinin istifadə etdiyi nəqliyyat vasitəsi, məhz metrodur. Bakı şəhərində avtomobillərin yaratdığı tıxacların fonunda əhalinin rahat və sürətlə daşınmasında mühüm yer tutan Bakı Metropoliteni hazırda yüksək templə inkişaf edir. Son illər tikilib istifadəyə verilmiş və müasir üslubda bərpa edilmiş metro stansiyaları, mükəmməl arxitekturası ilə Bakının memarlıq ənənələrini daha da zənginləşdirir, əsl mədəniyyət abidəsi kimi şəhərə yaraşıq verməklə yanaşı, ilk növbədə, çoxmilyonlu paytaxt sakinlərinin rahat və təhlükəsiz gediş-gəlişini təmin edir.
1967-ci il noyabrın 6-sında istifadəyə verilməklə, böyük inkişaf yolu keçən Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. Bu gün Bakı Metropoliteni stansiyalarının yenidən qurulması, infrastrukturun müasir standartların tələbləri səviyyəsinə çatdırılması işləri planlı şəkildə davam etdirilir. Məlumdur ki, 2008-ci ildə “Nəsimi” stansiyası yeraltı sərnişin konveyerinə qoşuldu. Bir il sonra 2009-cu ildə “Azadlıq prospekti” stansiyası və “28 May” stansiyasının ikinci çıxışı istifadəyə verildi. 2011-ci ildə Bakının 7-ci mikrorayonunda növbəti, sayca 23-cü olan “Dərnəgül” stansiyası sərnişindaşıma prosesinə qoşuldu. Bununla da, şəhərin yeraltı yollarının uzunluğu 34,63 km-ə çatdı.
Kütləvi sərnişin daşınmasında şəhər əhalisi üçün böyük əhəmiyyət daşıyan metrostansiyaların sayı durmadan artmaqdadır. Metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində işlər görülməkdədir. Belə ki, “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılışı, “Avtovağzal” stansiyasının sərnişinlərin istifadəsinə verilməsi görülən işlərin davamıdır.
Yeni stansiyaların tikintisi ilə yanaşı, şəhərimizdə olan stansiyalar təmir və bərpa olunur. 2008-ci ildə “İçərişəhər”, 2011-ci ildə “Koroğlu”, 2015-ci ildə “28May” stansiyaları əsaslı təmir olunaraq, yeni görkəmdə sərnişinlərin istifadəsinə verilib.
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub. Qeyd edim ki, 2017-ci ilin avqustundan mərhələli şəkildə yenidənqurma işlərinə başlanılan stansiya 1970-ci ildə açılıb və 9 il “Nərimanov” elektrik deposunun platforması olub. 1979-cu ildən isə stansiya kimi fəaliyyətə başlayıb. Müasir səviyyədə yenidən qurulan stansiyanın əsas memarlıq görkəmi saxlanılaraq, infrastrukturu və fasadı tamamilə yenilənib. Giriş-çıxışı birbaşa ikinci mərtəbədən olan “Bakmil” Bakı Metropoliteninin yeganə yerüstü stansiyasıdır. Yenidənqurma zamanı stansiyanın fəaliyyətini dayandırmamaq məqsədilə, təmir-bərpa prosesi mərhələlərlə aparılıb. Stansiyada monolit dəmir-beton konstruksiyalı sərnişin platforması inşa edilib ki, bu da əvvəlkindən daha etibarlı, davamlı və uzunömürlüdür. Stansiyanın təmirdən sonra ən mühüm yeniliyi sərnişinləri birbaşa ikinci mərtəbədə - platforma səviyyəsində qəbul etməsidir ki, bunun sayəsində də birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib.
Bundan başqa, əhəmiyyətli yeniliklərdən biri də açıq hava şəraitində yerləşən stansiya yolunun çətirlə örtülməsidir. Platforma boyunca bütün yol sahəsini əhatə edən çətir sərnişinləri və qatarları yağışdan qorumaqla yanaşı, burada gecə vaxtlarında qatarların saxlanılmasına da imkan yaradır. Stansiyada bütün kommunikasiya xətləri təzələnib, yanğın təhlükəsizliyi ilə bağlı ən son texnologiyalara uyğun yeniliklər tətbiq edilib. Gözləmə zalında yeni asma tavan, müasir işıqlandırma və informasiya-məlumat sistemləri və turniketlər quraşdırılıb.
Onu da deyək ki, 2019-cu ildə Bakı Metropoliteninin daha bir stansiyası tam yenilənmiş görkəmi və infrastrukturu ilə sərnişinlərin istifadəsinə veriləcək. Belə ki, hazırda “Xətai” stansiyasının yenidən qurulması uğurla davam etdirilir.
Hazırda Bakı Metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq. Perspektiv inkişaf planına uyğun olaraq, yeni xətlərin tunel, stansiya və depolarının inşası ilə yanaşı, mövcud stansiyaların mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması, dərin özüllü bir çıxışlı stansiyaların ikinci çıxışlarının tikintisi nəzərdə tutulub.
Görülən işlər göstərir ki, dövlət başçısının rəhbərliyi ilə Bakı metrosu son illərdə sürətlə inkişaf edib. Bu inkişaf özünü istər yeni, müasir metro vaqonlarının alınmasında, istər yeni metro xətlərinin istifadəyə verilməsində, istərsə də yeni stansiyaların inşası, mövcudlarının isə müasir səviyyədə yenidən qurulmasında daha aydın göstərir.
Zümrüd Bayramova
Səs.-2019.-29 mart.-№55.-S.9.