Qədim, müasir Bakı: park və xiyabanlar şəhəri


Ölkəmizin paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzi olan Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir. Paytaxtımızda ən müasir parklar və yeni yaşıllıq zolaqları salınır, Bakının qədim tarixi memarlıq nümunələri bərpa edilir və müasir binalar tikilib istifadəyə verilir. Bu işlərin hamısı şəhərə daha çox gözəllik və kolorit verir, məhz bunun sayəsində Azərbaycan paytaxtı insanların həyatı və asudə vaxt keçirməsi üçün rahat bir məkandır.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dəmiryol Vağzalının və metronun "28 May" stansiyasının qarşısındakı ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb. Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb. Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar quraşdırılıb. Həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb.

Son illərdə Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində ölkəmizin hər yerində, o cümlədən paytaxt Bakıda abadlıq-quruculuq geniş vüsət alıb. Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin göstərişinə əsasən Nəsimi rayonu ərazisində salınan yeni parkdır. Yeni parkda sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa müddətdə gözəl şərait yaradılıb. Ərazidə asfalt örtüyü ləğv edilərək müasir tələblərə cavab verən piyada yolları salınıb. Yeni parkda yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb. "Yaşıl dünya naminə həmrəylik ili"ndə də yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir.

Azərbaycan Prezidenti bu yaxınlarda Bakının Səbail rayonunda yerləşən "Xaqani" bağında və ətraf ərazilərdə aparılmış abadlıq-yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuşdu. "Xaqani" bağının mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq-əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb. Bu, dövlətimizin başçısının Bakı şəhərində parkların, xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən abadlaşdırılan növbəti istirahət guşələrindən biridir. Şəhərin mərkəzində yerləşən bağda sakinlərin istirahəti üçün qısa müddətdə gözəl şərait yaradılıb.

İstirahət məkanlarından biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda salınan yeni parkdır. Dövlətimizin başçısı İlham Əliyev Bakıda "Gənclik" metrosu yanında yaradılan yeni parkda işlərin gedişi ilə tanış olub. "Antena" parkı kimi tanınan bu ərazi əvvəllər baxımsız vəziyyətdə olub. İstirahət parkının yenidən qurulması və bərpası ilə əlaqədar bu ərazidə yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb. Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19 hektara çatdırılıb. Parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və həmin binada bərpa işləri aparılacaq. Yenidən qurulan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Belə ki, burada müasir tələblərə cavab verən iki restoran inşa olunur. Həmçinin burada 2 fəvvarə də quraşdırılacaq. Bu da istirahət məkanına əlavə gözəllik verəcək. Müasir istirahət kompleksinin ərazisinin 13,8 hektarında yaşıllıq sahələri salınacaq. Burada işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulacaq. Parkda piyada və velosiped yolları çəkiləcək, uşaq-əyləncə və idman meydançaları yaradılacaq. Yenidən qurulan parkla yaxınlıqdakı "Dədə Qorqud" parkını əlaqələndirəcək tunelin də inşasına başlanılıb.

Paytaxtın Səbail rayonunda salınan "Çəmbərəkənd" parkı qısa müddət ərzində vətəndaşların rahat istirahət guşəsinə çevrilib. Paytaxtda unudulan, istifadəsiz ərazidə dövlətimizin başçısının təşəbbüsü ilə yaradılan parkın sahəsi dörd hektardır. Ərazidə 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib. Digər parklardan fərqli olaraq "Çəmbərəkənd"də estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb. Şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib. Həsən Seyidbəyli küçəsində yerləşən yeni parkda yaşıllaşdırma işləri aparılıb, 1200 metr uzunluğunda piyada yolları salınıb. Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilib. Həmçinin ərazidə müasir idman və uşaq-əyləncə qurğuları quraşdırılıb. Burada sakinlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Bu park xüsusilə balacaların ən sevimli məkanına çevrilib. Uşaqlar parkda yaradılan müxtəlif attraksionlarda əylənməkdən yorulmurlar. Sakinlər də vaxtilə baxımsız, istifadəsiz qalan bu ərazidə qısa müddətdə belə gözəl parkın yaradılmasına görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Parklar şəhərə xüsusi gözəllik verir. Bakıda salınan yeni parklardan biri də "Gənclik" parkıdır. Xətai rayonunda yerləşən bu park ərazisinin böyüklüyü ilə seçilir. 43 hektar ərazisi olan parkda həm uşaqların, həm də böyüklərin istirahəti üçün şərait yaradılıb. Burada fiziki məhdudiyyətli şəxslərin istirahət etməsi üçün də hər cür imkan var. Park sakinlərin sevimli məkanına çevrilib. Burada 300 minədək ağac əkilib, yaşıllıqlar salınıb. Bir sözlə, sakinlərin və qonaqların parkda asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait vardır. İstirahət məkanında həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılıb, attraksion quraşdırılıb. Həmçinin fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi yaradılıb. Burada qurulmuş "Ürəklər" kompozisiyası isə paytaxtımıza, təbiətimizə, insanlarımıza olan sevgini tərənnüm edir.

Paytaxtımıza xüsusi gözəllik verən parklardan biri "Nizami Gəncəvi" adına mədəniyyət və istirahət parkıdır. 11,2 hektar ərazisi olan parkda paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının səmərəli istirahəti üçün hər cür şərait yaradılıb. Bir vaxtlar "Luna Park" adı ilə məşhur olan parkda əsaslı yenidənqurmaya zərurət yaranmışdı. Bu məsələ Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə həllini tapdı və 2021-ci il dekabrın 30-da park istifadəyə verildi. Qeyd edək ki, 1922-ci ildə salınmış parkın şəhərin estetik görünüşünə uyğunlaşdırılması məqsədilə onun ərazisində əsaslı təmir və yenidənqurma həyata keçirilib, süni göl yaradılıb, amfiteatr və 1938-ci ildən mövcud olan yay kinoteatrı yenidən qurulub, iki fəvvarə kompleksi və müasir tipli işıqlandırma sistemi yaradılıb. Parkda müasir söhbətgahlar, müxtəlif ölçülü oturacaqlar, idman qurğuları quraşdırılıb, uşaq-əyləncə kompleksi yaradılıb. Parkın ərazisində yaşıllaşdırma işləri görülüb, minlərlə ağac-kol və dekorativ bəzək bitkiləri əkilib. Axşam saatlarında, istirahət günlərində parka gələn sakinlərin sayı daha da artır. İnsanlar ailə üzvləri, yaxınları ilə parkdakı istirahət guşələrinə toplaşır, piknik təşkil edirlər.

Yaşıllıq sahələrinin və açıq məkanların artırılması Bakı şəhərinin Baş Planının əsas prioritetlərindən biridir. Bu məqsədlə Bakı şəhərinin Baş Planı çərçivəsində adambaşına düşən yaşıllıq sahəsinin 8 m2-ə çatdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Bu hədəfə nail olmaq üçün mövcud yaşıllıqların qorunması, yeni inkişaf ərazilərində tələb olunan səviyyədə açıq məkanların yaradılması, Xocahəsən gölünün ətrafında geniş parkın salınması, Bakı bulvarının uzunmüddətli perspektivdə uzadılması planlaşdırılır.

Bakı şəhərinin tarixi memarlıq baxımından böyük əhəmiyyətə malik məkanları sırasında Dənizkənarı bulvarın adı iftixar hissi ilə çəkilir. Bulvarda Qərb və Şərqin çoxəsrlik memarlıq, landşaft mədəniyyətlərinin sintezi duyulur, Azərbaycanın keçmişi və müasirliyi spesifik ahəngdarlıqla uzlaşır. Bakı bulvarı özünün yüksək inkişaf səviyyəsinə görə dünyanın ən müasir dənizkənarı parklarından biridir. Paytaxtın gözəllik rəmzlərindən sayılan Dənizkənarı bulvar yerli sakinlər və qonaqların mənalı istirahətinin təmin edən əvəzolunmaz guşədir. Sahil boyunca uzanan füsunkar gözəlliyə malik olan Dənizkənarı bulvar Bakı şəhərini dünyanın müasir şəhərlərindən fərqləndirən əsas səbəblərdən biridir. Vaxtilə bu məkana yüksək qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Bakı bulvarının əhəmiyyətini nəzərə alan Heydər Əliyev Dənizkənarı bulvara Milli Park statusu verilməsi haqqında Fərman imzalayıb. Məhz bu Fərmandan sonra Dənizkənarı bulvar yeni inkişaf mərhələsinə qədəm qoyub. Nazirlər Kabinetinin qərarına əsasən, Dənizkənarı Milli Park ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib. Hazırda Bakı bulvarı Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində inanılmaz dərəcədə dəyişib. Ölkəmizdə baş verən sosial-iqtisadi inkişaf Bakı şəhərinin memarlıq baxımından görünüşünə və eyni zamanda Dənizkənarı Milli Parkın inkişafına da öz təsirini göstərib. Dövlət başçısının tapşırığı ilə Dənizkənarı Milli Parkda aparılan yenidənqurma və abadlıq işlərinin nəticəsində onun ərazisi sahilboyu uzadılaraq 16 kilometrə çatdırılıb, burada yüksək tələblərə cavab verən müasir infrastruktur yaradılıb.

Böyükşor gölünün təmizlənməsi layihəsi də paytaxtımızın ekoloji mühitinin yaxşılaşdırılması baxımından böyük önəm daşıyır. Böyükşor zamanında ekoloji fəlakət zonası idi. Bura həm kanalizasiya, həm də lay suları axıdılırdı. Eyni zamanda göldən açıq səma altında neft anbarı kimi istifadə olunurdu. Prezident İlham Əliyevin tapşırığı ilə göldə zəruri təmizləmə işləri həyata keçirilib. Qısa müddətdə gölün təmizlənməsinin birinci mərhələsi tamamlanıb. Böyükşor gölünün ortasından çəkilən beton bənd üzərində müasir avtomobil yolu inşa olunub, həmçinin müvafiq layihə əsasında gölün kənarında bir kilometr uzunluğunda bulvar salınıb. Bakı şəhərinin 2040-cı ilədək dövrü əhatə edən Baş Planında da ətraf mühitin qorunması əsas inkişaf prioritetlərdən biri kimi əks olunub. Görülən işlər bir daha göstərir ki, Bakı artıq parklar ölkəsinə çevrilib. Bakı şəhərində 300-ə yaxın park, bağ və istirahət məkanları var və yeni parkların salınması, mövcud olanların isə əsaslı təmir-yenidənqurma prosesi davam edir.

Mustafa Kamal

Respublika. - 2024.- 3 noyabr. - № 243. - S. 3.