Pirallahı turizm üçün əlverişli məkana çevrilir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində dünyanın ən yaraşıqlı şəhərlərindən birinə çevrilən doğma Bakımız günü-gündən böyüyür və gözəlləşir. Şəhərimizin gələcək inkişaf perspektivləri nəzərə alınaraq, 2012-ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Qanuna əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi tərkibində yeni, on ikinci rayon yaradıldı. Yeni yaradılan rayonun tarixi keçmişi əsas götürülərək, Pirallahı adlandırılması ideyası da məhz cənab Prezidentə məxsus olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2013-cü il tarixli Sərəncamı ilə Vasif İmanov Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

Paytaxt Bakının mərkəzindən 60 km, Heydər Əliyev Beynəlxalq Hava Limanından isə 40 km şərq istiqamətində yerləşən Pirallahı rayonu qərb istiqamətində Xəzər rayonu ilə həmsərhəddir, şimal, şərq və cənubda isə Xəzər dənizi ilə əhatə edilmişdir. Rayonun inzibati ərazi bölgüsünə 4 qəsəbə - Pirallahı, Gürgən, Çilov və Neft Daşları daxildir. Hazırda Pirallahı rayonunun əhalisi 20,4 min nəfərdir. Rayon ərazisində 255 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşmışdır, onların ailə üzvlərinin sayı 1071 nəfərdir.

İnfrastruktur

Pirallahı rayonunun eyni adlı qəsəbəsi Xəzər dənizində ada olduğu üçün dörd tərəfdən su ilə əhatə olunmuşdur, sahil boyu uzunluğu 23-40 km-ə qədərdir. Qəsəbənin asfaltlanmış yollarının ümumi uzunluğu meydançalarla birlikdə 26 hektardır.

Qəsəbədəki yaşıllıqların ümumi ərazisi park, xiyaban və ağaclıqlar daxil olmaqla 34,03 hektar təşkil edir. Qəsəbənin ayrı-ayrı yerlərində istirahət guşələri, uşaqların əylənməyi üçün xüsusi yerlər ayrılmışdır.

Vətənimizin dar günündə silaha sarılaraq Qarabağ cəbhəsinə yollanan və şəhidlik zirvəsinə ucalan igid oğulların əziz xatirəsini əbədiləşdirmək üçün qəsəbədə “Vətən uğrunda” abidə-kompleks inşa edildi. Kompleksin ümumi sahəsi 2800 kvadratmetr təşkil edir. Kompleks, aypara formasında inşa edilib və yuxandan baxanda aypara və səkkizguşəli ulduz şəklində görünür. Qəsəbənin mərkəzində yerləşən bu abidədə 36 şəhidin mərmər lövhə üzərində şəkilləri, həmçinin ad və soyadları həkk olunub. 2001-ci ildə V. Mustafazadə adına mədəniyyət sarayının ön tərəfində şəhidlərin xatirəsinə “Yanar məşəl” abidəsi ucaldılmışdır.

Rayonda 6 orta məktəb, 5 uşaq bağçası, 3 mədəniyyət evi, bir musiqi məktəbi, uşaq yaradıcılıq mərkəzi fəaliyyət göstərir, 2 poçt və 2 ATS vardır.

Pirallahı adasının giriş hissəsində balıqyetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən “Nərəkənd” kompleksinin yaradılması istiqamətində işlər aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri Pirallahı rayonu ərazisində Sənaye Parkının yaradılması haqqında sərəncam imzalamışdır. Pirallahı Sənaye Parkına Rusiyanın “R-Farm” şirkəti ilə birgə təsis edilmiş “Həyat Farm” MMC tərəfindən ümumilikdə 74 milyon ABŞ dolları, İran İslam Respublikasının “TPİCO” şirkəti ilə birgə təsis ediləcək müəssisə tərəfindən isə ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu nəzərdə tutulur. Pirallahı Sənaye Parkında “Həyat Farm” MMC tərəfindən 300 adda, digər birgə müəssisə tərəfindən isə birinci mərhələdə 85 adda əczaçılıq məhsulunun istehsalı nəzərdə tutulur. Pirallahı Sənaye Parkının yeni rezidenti: “Diamed Со” MMC tərəfindən Sənaye Parkında qabaqcıl Avropa ölkələri, eləcə də Yaponiya və Koreya texnologiyaları əsasında ildə 55-58 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı nəzərdə tutulur. Zavodda şpris istehsalı zamanı yerli və xarici xammaldan istifadə edilməsi planlaşdırılır. Bu müəssisələr, eyni zamanda, rayonda yeni iş yerlərinin yaradılması prosesinə də böyük təkan verəcəkdir. Azərbaycanda istehsal ediləcək əczaçılıq məhsullarının yerli bazarla yanaşı, bir sıra xarici ölkələrə satışının təşkili də planlaşdırılır. Pirallahı qəsəbəsində 30 hektar ərazidə inşa olunacaq Pirallahı Sənaye Parkının tikintisi üçün ilkin hazırlıq işləri görülür. Hazırda parkın ərazisində təmizlik və planlaşdırma işləri aparılır, buradan keçən bütün kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Parkın tikinti işlərinə start verilmişdir.

Hazırda rayon ərazisində su və kanalizasiya infrastrukturu yenidən qurulur və yaxın vaxt ərzində başa çatdırılması planlaşdırılır. Bundan başqa qəsəbədaxili yolların işıqlandırılması, həmçinin 5 və 4 mərtəbəli binaların fasadlarının təmiri istiqamətində işlər aparılır.

Turizmin inkişafı

Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Azərbaycan kontekstində də ölkənin və regionların inkişafı üçün məhz bu sahə həlledici əhəmiyyət kəsb edir. Turizmdə Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bununla bərabər, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri- neft sektoru üzrə prioritet istiqamət elan edib. Son 15 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb.

Pirallahı rayonu da sənaye sahələri ilə yanaşı turizmin inkişafı istiqamətində də zəngin potensiala malikdir. Rayonun coğrafi mövqeyi turizmin inkişafı üçün çox əlverişlidir. Pirallahıda turizmin rəqabət imkanlarını artırmaq üçün görülən tədbirlər sırasında infrastrukturun yaxşılaşdırılması əsas yer tutur. Adanın zəngin təbii sərvəti, insan yaşayışı üçün lazımi iqlim şəraiti imkan verir ki, Pirallahı rayonu Azərbaycan turizminə öz töhfəsini versin.

Turizmin inkişaf perspektivlərinin yüksək qiymətləndirildiyi Pirallahı, Gürgən və Çilovda inşa ediləcək istirahət mərkəzləri və komplekslər, otel və mehmanxanalar, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Əyləncə Mərkəzi ilə yanaşı, yeni tikilmiş körpünün altındakı 120 metrlik keçidin açılması ilə su idman növlərinin, o cümlədən, yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, yeni müasir çimərliyin, skuter gəzintilərinin, ada ətrafında gəmi kruizlərinin təşkili üçün əlverişli imkanlar yaranmışdır.

Ölkə Prezidentinin qayğısı və dəstəyi ilə qısa müddət ərzində Pirallahıda geniş abadlıq və tikinti-quruculuq işləri həyata keçirilmişdir. İlk olaraq aidiyyəti qurumlarla birgə rayonun Pirallahı qəsəbəsinin Baş Planı - Müfəssəl Planlaşdırma Layihəsi hazırlanmışdır. Bu layihədə İnzibati Mərkəzin təşkili, Səməd Vurğun küçəsində ümumilikdə 31.5 ha ərazidə İnzibati Mərkəz və Heydər Əliyev adına Mərkəzi Park Kompleksinin yaradılması və digər mühüm məsələlər nəzərdə tutulub.

Baş Plana uyğun olaraq Pirallahı qəsəbəsində sahil xətti boyunca sakinlərin və turistlərin istirahətini təmin etmək məqsədilə yeni dənizkənarı bulvarın və çimərliyin salınması nəzərdə tutulmuşdur. Hazırda bu istiqamətdə müvafiq işlər görülməkdədir. Səməd Vurğun küçəsində yerləşən, sahəsi 50 hektar olacaq parkın dənizə baxan hissəsində artıq işlərə başlanılmışdır. Sakinlərin, eləcə də turistlərin asudə vaxtlarının səmərəli təşkili üçün qısa vaxt ərzində dənizkənarı bulvarda ən müasir infrastruktur yaradılacaq. Yeni bulvarda müasir tələblərə cavab verən müxtəlif xidmət və iaşə obyektlərinin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Pirallahı bulvarı özünəməxsus gözəlliyi ilə turistlərin diqqətini cəlb edəcək. Ərazidə uşaqların və yeniyetmələrin əyləncəsi də nəzərə alınıb. Bulvarda kiçikölçülü gəzinti avtobusları, avtomobil və velosiped üçün sahilboyu xüsusi hərəkət zolağı da salınacaq. Ərazidə nadir ağac və bitki nümunələri əkiləcək, müasir işıqlandırma sistemi quraşdırılacaq. Həmçinin burada istirahət obyektləri, attraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu inşa ediləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.

Pirallahı rayonunun girişinin sol hissəsində üzərində ulu öndər Heydər Əliyevin şəkli olan postament ucalır. Yaxınlıqda ümumi çəkisi 19 tondan çox olan paslanmayan metal konstruksiya ilə işlənib hazırlanmış rayonun Simvolu qurulmuşdur. Simvolun üzərində gəmi atributları - qayıq, tor dirəyi, yelkən, xilasedici halqa və digər elementlər quraşdırılmış, həmçinin müxtəlif şəbəkə elementləri işlənmişdir. Simvolun ümumi sahəsi 45 kvadratmetr, hündürlüyü isə 16 metr təşkil edir. Simvolun qarşısında yüksək zövqlə 3 növdə - qaya, çay və bəzək daşları ilə işlənmiş və müasir işıqlandırma sistemi ilə təmin olunmuş 8x6 metr ölçüdə Azərbaycanın xəritəsi salınmışdır. Simvolun üzərində içərisində məşəl formasında Allah sözü yazılmış səkkizguşəli ulduz yerləşir, ətrafında 12 min kvadratmetr sahəyə qazon örtüyü döşənmiş, ərazidə minlərlə ağac və müxtəlif dekorativ bəzək kolları əkilmişdir.

1859-cu ildə, Pirallahı adası ilə üzbəüz dağda Abşeron mayakı - yerli mayaklardan ən irisi tikilmişdir. O, 25 metrlik, lövbərlər şəklində pəncərələr və tağlı girişilə orijinal konstruksiyalı daş qüllədən ibarətdir. Tikilinin zirvəsinə 102 pilləli dolanbac pilləkan aparır. Mayak 23 oktyabr 1860-cı ildə istifadəyə verilmişdir. Mayakın yerləşdiyi ərazidən adaya çəkiləcək 2,5 km uzunluğunda kanat yolu, Pirallahıda və Gürgəndə salınacaq velosiped yolları, tikiləcək Akvapark və paraşüt qüllələri, Pirallahı və Çilov adalarını birləşdirəcək estakadalar boyunca salınacaq turizm infrastrukturu, açılacaq Bakı bulvarı - Neft Daşları səyahət marşrutu turizmin inkişafı üçün daha geniş imkanlar yaradacaqdır.

Abşeron yarımadasının cənub-şərq qurtaracağında, rayonun Şah Dili adlanan hissəsində 783 hektarlıq sahədə (bundan 375 ha quruya, 408 ha dənizə düşür) Azərbaycan Respublikasının Abşeron Milli Parkı yerləşir. Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə Bakı şəhərinin ərazisində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılmışdır. Yarımsəhra və quru bozqırların mülayim isti iqlim tipinin hakim olduğu Milli Parkın yaradılmasında məqsəd vəhşi təbiətin mühafizəsini, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanmasını təmin etmək, o cümlədən ekoturizm üçün mövcud olan təbii imkanları dəyərləndirməkdən ibarətdir. Parkda 50-dən artıq quş və heyvan növlərinə rast gəlinir, 25-ə qədər bitki növü mövcuddur. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində dünyada nadir hesab olunan Xəzər suitisinə rast gəlinir və o, əsasən, may-avqust aylarında Milli Parkın ərazisindəki suiti burnunda müşahidə olunur. Xəzər suitisi pərayaqlıların yeganə nümayəndəsidir ki, dünya okeanının ən kiçik suitisi kimi “Ginnes”in rekordlar kitabına daxil edilib. Burada fısıldayan qulələk, yovşan kimi nadir təbiət incilərini müşahidə etmək mümkündür. Abşeron Milli Parkı paytaxt Bakıya ən yaxın olan təbii abidə, ekoturizm üçün ən əlverişli nöqtə, Abşeron yarımadasında ən təmiz dəniz suyu, ən təmiz havası olan məkandır. Milli Park Azərbaycanın su ilə birləşən ən ucqar quru ərazisidir, eləcə də öz flora və faunası ilə tamamilə vəhşi təbi-ətin təcəssümüdür.

Hazırda rayonda gedən abadlıq-quruculuq işləri ilə Gürgən qəsəbəsi də əhatə olunmuşdur. Buradakı 0,7 ha sahəsi olan gölün çirkab sularından təmizlənməsi, ərazidə yenidənqurma işlərinin həyata keçirilərək sakinlərin və turistlərin istirahəti üçün əlverişli şəraitin yaradılması istiqamətində fəaliyyət davam edir. Gölün perimetri boyu qaya parçaları düzülmüş, 4 metr enində gəzinti üçün yol düzəldilmiş, yan hissədəki yamacda yaşıllıqlar salınmış, həmçinin gölün üzərində kafenin inşa olunması da nəzərdə tutulmuşdur. Artıq gölün üzərindən piyadalar üçün 12 metr uzunluğunda miniatür körpü salınmış, yaxınlıqda hündürlüyü 9 metr, eni 12 metr olan şəlalə kompleksi tikilmişdir.

Yaxınlıqdakı təbii bulağın yenidən qurularaq əhalinin istifadəsinə verilməsi işləri başa çatdırılmışdır. Mərkəzi yolun hər iki kənarı boyu Abşerona xas memarlıq elementləri ilə zəngin, ümumi uzunluğu 400 m olan dekorativ qala divarları hörülmüş, üçü düzbucaqlı, üçü də dairəvi formada olmaqla 6 ədəd əzəmətli qala bürcü inşa edilmişdir ki, bunlardan da ən ucada yerləşənin hündürlüyü 12 metrdir. Bundan əlavə, mərkəzi yolun dəniz kənarına düşən hissəsində balıqçılığa və neftçilərə aid kompozisiyanın qurulması işləri gedir.

Rayonda turizmin rekreativ (istirahət, müalicə və bərpa), tibbi, dəniz və balıq ovu, idman, aktiv, kruiz, ekoturizm və digər növlərinin inkişafı üçün geniş imkanlar vardır. Pirallahıda turizmin inkişaf perspektivlərini nəzərə alaraq rayon ərazisində 2-si Pirallahı, 1-i Gürgən qəsəbəsində olmaqla 3 ədəd çimərlik təşkil edilmiş, ətraf sahələrdəki 6 ha ərazi təmizlənərək baxımsızlıq və antisanitar vəziyyət aradan qaldırılmış, istirahət üçün lazımi şərait yaradılmışdır. Ərazidə günlüklər quraşdırılaraq istirahət edənlərin istifadəsinə verilmişdir.

Pirallahı qəsəbəsində artıq müasir standartlara cavab verən bir turizm obyekti istifadəyə verilmişdir. “F-Marine” adlı istirahət kompleksində 8 kiçik və 4 böyük kottec, mini-stadion, hovuz, restoran fəaliyyət göstərir. Sözsüz ki, gələcəkdə belə mərkəzlərin sayı artırılacaqdır.
Gələcəkdə Pirallahı və Çilov adaları arasında inşa ediləcək estakadalar boyunca salınacaq platformaların üzərində külək elektrik stansiyalarının quraşdırılması nəzərdə tutulur. Çilov adasına çəkiləcək estakadaların, dəniz kruizlərinin, Bakı bulvarı ilə Neft Daşlarını birləşdirəcək səyahət marşrutunun turizmin inkişafında mühüm əhəmiyyəti olacaqdır.

2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr

Pirallahı Rayon icra Hakimiyyəti başçısının 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.

Hesabat yığıncağında Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov geniş məruzə ilə çıxış etmişdir. Son altı ildə paytaxtımız Bakı şəhərinin rayonları sırasında öz layiqli yerini tutmuş Pirallahının inkişaf yolunda olduğunu söyləyən RİH başçısı rayonda həyata keçirilən layihələr, ictimai-siyasi sahədə yeni uğurlu nəticələr barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasında son tamamlanma işləri aparılır, həmçinin Heydər Əliyev Mərkəzində işlər davam etdirilir, Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının inzibati binasının inşası başa çatdırılaraq istismara verilmişdir. Pirallahı qəsəbəsi, S. Vurğun küçəsində yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilmişdir. “Nümunəvi həyətlər” layihəsi çərçivəsində aparılan işlər, Heydər Əliyev Mərkəzi park kompleksində işlər davam etdirilmişdir. “Ət kəsimi” məntəqəsinin tikinti-quraşdırma işləri tamamlanmış, məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ayrılmış 3 ha ərazidə 3 ədəd 9 mərtəbəli yaşayış binasının, 220 şagird yerlik məktəb binasının və müvafiq texniki infrastrukturun tikintisi davam etdirilir, ölkə başçısının tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə “Abad məhəllə” layihəsi çərçivəsində binaların həyətləri qanunsuz tikililərdən təmizlənərək abadlaşdırılır, sakinlərin istirahəti üçün şərait yaradılır. Rayonda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Ölkə başçısının 14 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən yerli əczaçılıq sənayesinin təşkili məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında dərman preparatları, eləcə də şpris istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir. Şpris istehsalı zavodu yaxın vaxtlarda istifadəyə veriləcək. 2019-cu ilin 1-ci rübündə Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” MMC tərəfindən dərman vasitələrinin qablaşdırılmasına başlanması nəzərdə tutulur.

“Nərəkənd” balıqyetişdirmə kompleksində qapalı tipli fermaların dam örtüyünün quraşdırılması və hovuzların dəmir- beton konstruksiya işləri tamamlanmışdır. Kompleksin ümumi sahəsi 2,86 ha, fermanın tikinti sahəsi 6560 kvadratmetr, illik istehsal gücü 75 ton rus nərəsi, 25 ton çökənin əti və 4 ton kürü nəzərdə tutulmuşdur. Bundan əlavə sahil boyu və körpü ətrafında dəniz akvatoriyasının təmizlənməsi və genişləndirilməsi işləri aparılmışdır.

Ətraf mühitin qorunması, ekoloji tədbirlər və turizmin inkişafı istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, ötən il 6000-ə qədər zeytun ağacı əkilmiş, yaşıllıqların nəzarətdə saxlanılması, torpaq sahələrinin şumlanması işləri aparılmışdır. Bundan əlavə 28-ci məhəllədə yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisinin abadlaşdırılması ilə əlaqədar 1350 kvadratmetr qazon örtüyü əkilmiş, yaşıllıqların nəzarətdə saxlanılması, suvarılması, torpaq sahələrinin şumlanması işləri aparılmışdır.

Hesabat ətrafında çıxış edən Sumqayıt Sənaye Parkının direktor müavini Fuad Pənahov, Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Manaf Manafov əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışdılar.

Milli məclisin deputatı Rauf Əliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev cənab Prezidentin rəhbərliyi ilə respublikada davam edən hərtərəfli, geniş və sürətli tərəqqidən ətraflı bəhs etmiş, dövlət başçısının həyata keçirdiyi yeni iqtisadi islahatlar, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının ölkə ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbətlə qarşılandığını bildirmişdir.

Daha sonra ötən il ərzində sosial-iqtisadi və mədəni inkişafına öz töhfələrini vermiş, ictimai həyatda fərqlənmiş, keçirilən tədbirlərdə fəal iştirak etmiş bir qrup rayon sakini Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılmışdır.

Hesabat yığıncağı iştirakçıları tərəfindən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu. Pirallahı rayonunda həyata keçirilən genişmiqyaslı işlər, reallaşan müxtəlif məzmunlu proqramlar onu deməyə əsas verir ki, 2019-cu il də yeni nailiyyətlərlə yadda qalacaq və müvəffəqiyyətlə başa çalacaqdır. Bu məqsədlə Pirallahı sakinləri ölkə başçısının göstərişlərini fəaliyyət proqramı kimi qəbul edərək rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinin uğurla icra edilməsi istiqamətində bu gün var qüvvə ilə çalışırlar.

Ölkə başçısı Pirallahıda

14 oktyabr 2014-cü il - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni tikilən körpünün inşaat işlərinin gedişatı və salınacaq yeni şəhərciyin konseptual planı ilə tanış olmuş, Qala-Pirallahı avtomobil yolunun birinci hissəsinin açılışında iştirak etmişdir.

11 may 2017-ci il - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yeni körpünün açılışında iştirak etmiş, Pirallahı qəsəbəsindəki S. Vurğun küçəsinin yenidənqurma işləri ilə tanış olmuşlar.

21 iyul 2017-ci il - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, içməli su təchizatı layihəsinin açılışında iştirak etmiş, “Nərəkənd” kompleksində yaradılan şəraitlə, həmçinin, Pirallahı qəsəbəsinin mərkəzi hissəsində həyata keçiriləcək tədbirlərin layihələri ilə tanış olmuş, “Pirallahı” Günəş Elektrik Stansiyasının açılışında iştirak etmişdir.

Ramiz Yusifli

Respublika.-2019.-5 aprel.-№72.-S.6.