Nəsimi rayonu


Dünya var olandan Böyük Yaradan canlıların ən şərafətlisi, əşrəfi da olan insana ağıl, şüur, bunların da timsalında qurub-yaratmaq istedadını bəxş edib. Bir çox ali keyfiyyətlərlə yanaşı, insana xas olan bu xüsusiyyətlər, varlığı ilə aləmdə vəsfəgəlməz gözəllik yaradan bəşər övladının ruhunda, qanında-canında doğulub.

O, bütün şüurlu həyatı ilə doğma vətən torpağında xariqələr yaratmaq üçün daim çalışır, fəaliyyət göstərir. Bitib-tükənməyən qayğılar, çalışmalar da məhz doğma yurdla, onun tarixi taleyi ilə bağlı olur. Bəşər övladı bununla da tarixin səhifələrinə öz rəşadətini, vətən təəssübündən doğan şücaətini həkk edir. İctimai maraqlar, vətəndaş cəmiyyətinin yaranması və inkişafı da məhz insan zəkasının işığından güc alır. Bu sadə həqiqətlər, həyat gerçəklikləri yazımızın mövzusu olan bir məkanın simasında ifadə edəcəyimiz fikirlərin təsviri, əsas ideyası ilə bağlıdır. Beləliklə, yazın bu sabah çağında Səbailin bir qanadına söykənən Nəsimiyə yol başladıq...

Qədim və zəngin tarixə malik olan Bakının mərkəzi ərazilərindən biri də Nəsimi rayonudur. Bu rayon da özünün maraqlı, zəngin həyatı ilə göz-könül yaddaşımızda yaşayır. Hər səhər üfüqdən boylanan Günəş öz ilıq nəfəsini, qızılı saçaqlarını çoxlu sayda elm, təhsil, mədəniyyət, səhiyyə ocaqlarının, gözoxşayan mənzərələrin, yaşıllıqlar qoynunda bu füsunkarlığa xüsusi ahəngdarlıq verən tikililərin başı üstündən səxavətlə səpələyir, sanki nur içində cilvələnən bağlara, yaşıl meydançalara bir özgə gözəllik bəxş edir.

Mənə görə, hər hansı bir yaşayış məskəni, məkanı da özünün təbiəti - güllü-çiçəkli yaşıl ormanları, xırdaca bir daşın arasından sıyrılıb çıxan sısqa otu ilə də canlıdır. Onlar da insan kimi nəfəs alır, yaşayır, amma baxımsızlığa qarşı küskün olur, insanlardan küsür, inciyirlər. Onları duymamaq, baxımsız qoymaq təbiətin qoynunda olan bütün canlıları zaman-zaman məhvə aparar. Demək, canlı olan hər bir maddi varlığın da öz adı ilə yaşaması təbiidir. Haqqında söhbət açdığımız bu məkan, bu ərazi də bitirib-yetirdikləri, daşı-torpağı ilə canlıdır. Onun da təbiəti insan oğlunun daim qurub-yaratması, əllərinin şəfqətilə həyata gülür...

“Səbail”, “Yasamal”, “Nərimanov” rayonlarının ərazisi hesabına yaradılan bu məkan 1969-cu ildə rayon statusu qazanmışdır. Bu il rayonun 40 yaşı tamam oldu. Bu rəqəm elə də böyük bir zamanı əhatə etməsə belə, onun da yaşı, yarandığı tarix yaddaşımızda közərir. Bu rayon da zəhmətkeş, təəssübkeş, yurdsevər insanların gücü, qüdrəti sayəsində günü-gündən özünün yeni inkişafına qədəm qoyur.

İlk olaraq onu qeyd edək ki, Nəsimi rayonu paytaxtın giriş qapısı sayılır. Bu onunla əlaqədardır ki, Bakının giriş qapıları hesab edilən Dəmiryol sərnişin vağzalı bu rayonda yerləşir. Bakı Metropoliteninin “28 May”, “C. Cabbarlı”, “20 Yanvar” və “Memar Əcəmi” stansiyaları Nəsimi rayonunun ərazisindədir. Rayonun ərazisi 10 kvadrat kilometrdir. Bu gün rayonda 10-dan çox istirahət parkı vardır. Nəsimi rayonu təhsil müəssisələrinin sayına görə Bakıda birincidir. Rayonda 8 ali təhsil müəssisəsi, onlarla ümumtəhsil məktəbi və uşaq bağçası fəaliyyət göstərir.

Bakının mərkəzində yerləşməsi rayonun sosial-iqtisadi, mədəni inkişafına böyük təsir göstərmişdir. Burada insan zəhmətilə qurulan, yaradılan, yenidən bərpa olunan nə varsa, rayona bir əzəmət, yaraşıq verir. Onu da qeyd etmək lazımdır ki, ötən əsrin 70-ci illərindən ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da sənaye və iqtisadiyyatın, mədəniyyətin yüksəlişi dövrü başlamışdır. Bu gün də rayon icra hakimiyyəti ərazidə abadlıq-quruculuq işlərinin aparılmasını hər vaxt diqqətdə saxlayır. İcra hakimiyyəti tərəfindən həyata keçirilən layihələrin, görülən işlərin məcmusu ilə tanışlıq - operativlik, işgüzarlıq bizdə razılıq hissi yaratdı. Bu üzağardan işlər aylar içrə, il ərzində nəzərdə tutulan iş planına əsasən genişmiqyaslı fəaliyyət də yazımızın ərsəyə gəlməsinə böyük bir stimul verdi.

Rayonun həyatı ilə yaxından tanış olduqca burada işlərin hər zaman öz axarı ilə getdiyini gördük. Məlum oldu ki, iqtisadi durumun yaxşılaşmasından ötrü icra hakimiyyəti özünün daxili imkanlarından istifadə etməklə biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilmişdir. Rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmiri və yenidən qurulması işləri də uğurla davam etdirilir. Bütün bunlar rayon əhalisinin maddi rifahının, rahatlığının təmin olunması istiqamətində görülən işlərin əsasını təşkil edir.

Bu gün rayonun əhatə etdiyi ərazini göz önündə canlandıranda qarşımızda gözəl bir panoram açılır. Bir çox mədəni-maarif müəssisələri, o cümlədən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Heydər Əliyev adına Saray, Heydər Əliyev adına İdman - Konsert Kompleksi, H. Sarabski adına Mədəniyyət Evi, bir çox kitabxanalar, “Nizami”, “Vətən”, “Dostluq” kinoteatrları, ümummilli lider Heydər Əliyevin, Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun, İmadəddin Nəsiminin, Koroğlunun, Səməd Vurğunun abidələri rayonu olduqca əzəmətli göstərir. Maraqlıdır ki, bir çox qədim və mühüm əhəmiyyət kəsb edən inzibati binalar - Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Sirkinin əsas binası, Azərbaycan Dövlət Musiqi Akademiyası, Bakı Dəmiryol Vağzalı, qeyd etdiyimiz kimi, bir çox kinoteatrlar da bu rayonun ərazisində yerləşir. Bu ərazidə çoxlu sayda elmi-tədqiqat institutları, klinik xəstəxana, doğum evi və poliklinika fəaliyyət göstərir.

Sözümüzün bu məqamında onu da xatırlatmağı vacib sanırıq ki, ölkə başçısı cənab İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı 15 noyabr 2018-ci il tarixində Sərəncam imzalamışdır. 11 yanvar 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında imzaladığı Sərəncam da xalqımız tərəfindən böyük rəğbət və sevgi ilə qarşılanmışdır. Ölkəmizin hər yerində bununla bağlı bir çox elm, mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilir. Belə ki, böyük Azərbaycan dühasının yaradıcılığı, əsərləri yenidən tədqiq olunur, şeirlərinin fəlsəfi mənası, ideya-mahiyyəti gənc nəslə öyrədilir. Bu sərəncamlardan ruhlanan Nəsimi rayon ictimaiyyəti də “Nəsimi ili”nin təntənəsini daha böyük şövqlə, fərəhlə yaşayır, bir-birindən maraqlı keçən tədbirlərdə böyük dühaya olan sevgilərini bildirirlər. Bir sözlə, Nəsimi rayonunun əhalisi – elm-təhsil ocaqlarının müəllim-tələbə heyəti, ziyalılar, məktəblilər fərəh hissilə şairin adına layiq proqramlar hazırlayaraq, xalqa nümayiş etdirirlər.

Böyük dühanın adını daşıyan Nəsimi rayonu bu gün özünün vüsətli inkişaf dövrünü yaşayır. Bu, ilk növbədə yaraşıqlı, möhtəşəm rayonun hüsnündə, bütün sahələrdə görülən işlərin uğurunda, xalqın mənəvi yüksəlişində özünü büruzə verir. Hər açılan yeni sabah, doğulan gün bu yerin tarixinə xoş bir hadisə, tarixi gün kimi yazılır. Rayonun sakinləri də bu yenilikdən, gözəllikdən vəcdə gələrək daha səylə işləyir, çalışır, hər açılan sabahlardan bir özgə məhəbbətlə zövq alırlar...

Şəfəq Nasir

Respublika.–2019.–5 iyun.-№122.–S.5.