Yenidən qurulan Mərkəzi Nəbatat Bağı


Mühüm təbiət abidəsi kimi Mərkəzi Nəbatat Bağı ekoloji təmizliyin qorunması, təbiətin mühafizəsi və əhalinin bütün təbəqələri üçün elmi araşdırma, tədris və maarifləndirmə baxımından əhəmiyyətli rol oynayır. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan canlı bitki kolleksiyaları yalnız bitkilərin mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir. Yaradılma tarixinə nəzər salsaq görərik ki, Bakı şəhərində ilk dəfə olaraq Botanika bağının yaradılması haqqında təkliflər artıq 1930-cu illərdə irəli sürülüb. O vaxtlar Bakı şəhəri iri neft sənayəsi və respublika mərkəzi kimi abadlaşdırılmalı və yaşıllaşdırılmalı idi.

Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədilə 1934-cü ildə yaradılan bu bağ elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərib.

Bu gün də Mərkəzi Nəbatat Bağına dövlətimiz tərəfindən xüsusi diqqət yetirilir. Xatırladaq ki, Mərkəzi Nəbatat Bağının müasir estetik görünüşünün bərpa edilməsi üçün abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsinə və zəruri quruculuq işlərinin aparılmasına dövlət dəstəyinin artırılması məqsədilə "Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti 2022-ci ilin 5 may tarixində Sərəncam imzalamışdır. Sərəncama əsasən, Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 25,0 (iyirmi beş) milyon manat ayrıldı. Bu gün Mərkəzi Nəbatat Bağında aparılan yenidənqurma işləri Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq həyata keçirilir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni inşa olunmuş binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar. 45 hektardan artıq ərazini əhatə edən bağda 247 növ ağac və 162 növ kol bitkisi qorunur. Yenidənqurma zamanı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun 1935-1938-ci illərdə inşa edilən inzibati binası qəzalı vəziyyətdə olduğu üçün burada yeni bina tikilib. Beş mərtəbədən ibarət olan yeni binanın ümumi sahəsi 3700 kvadratmetrdir. Binanın birinci mərtəbəsi laboratoriya sektorlarından ibarətdir. Burada bitki ehtiyatları və etnobotanika, həmçinin toxum bankı, bitki introduksiyası şöbələri yerləşir. Binanın ikinci mərtəbəsində 80 nəfərlik akt zalı, üç laboratoriya, müdafiə şurası, Botanika İnstitutunun elmi şurasının katibliyi, mühasibatlıq yerləşir. Üçüncü mərtəbədə isə geobotanika, ictimaiyyətlə əlaqələr, eksperimental botanika və beynəlxalq əlaqələr şöbələri fəaliyyət göstərəcək. Ali bitkilər sistematikası və herbari fondu dördüncü mərtəbədə yerləşir. Botanika İnstitutunun Herbari Fondu 1936-cı ildə institut yarandığı vaxtdan fəaliyyət göstərir. Burada Azərbaycanla yanaşı, digər ölkələrin altı yüz minə yaxın flora növü qorunur.

AZƏRBAYCAN FLORASININ GENOFONDUNU QORUYAN ƏRAZİ

Mərkəzi Nəbatat Bağının 1937-ci ildə tikilmiş və tamamilə yararsız hala düşmüş 900 kvadratmetrlik aypara şəkilli inzibati binası da əsaslı təmir edilib.

Mərkəzi Nəbatat Bağı ərazisində müasir tipli oranjereyanın da tikintisi davam etdirilir. Oranjereyanın eni 19, uzunluğu 47, hündürlüyü isə 15 metrdir. Oranjereya müasir tipli isitmə, soyutma və nəmləndirmə avadanlıqları ilə təchiz olunacaq. Üzərindəki şüşə sisteminin 40 ədədi avtomatik açılaraq mövsümə uyğun havalandırmanı təmin edəcək.

Mərkəzi Nəbatat Bağında yenidənqurma işləri məhz Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq həyata keçirilib.

Hazırda Mərkəzi Nəbatat Bağında "Bitki ekologiyası", "Dekorativ bitkilərin introduksiyası və seleksiyası", "Qida və dərman bitkilərinin biokimyası”, “Oduncaqlı bitkilər", "Tropik və subtropik bitkilər" laboratoriyaları ilə yanaşı, "Strateji inkişaf, beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması", "Bioloji kolleksiyalar", "Bağçılıq və landşaft quruculuğu", "Təchizat və xidmət" və digər şöbələr fəaliyyət göstərir.

Vurğulamaq yerinə düşər ki, 1960–1978-ci illər bağın çiçəkləndiyi illər hesab olunur. Bu illərdə Botanika bağı Bakı, Gəncə, Sumqayıt şəhərləri və Naxçıvan MR-nın, o cümlədən Bakı şəhərinin Yaşıllaşdırma Təsərrüfatı və Abşeronun sənaye müəssisələrinin, məktəb və bağçaların yaşıllaşdırılması üçün 10 mindən artıq ağac, kol və çiçək bitkiləri vermişdir. Bu illərdə Botanika bağının yeni ərazisində botaniki-coğrafi rayonlaşdırma prinsipə görə sahələrin yaradılması işlərinə başlandı. 1977-ci ildə akademik Həsən Əliyevin rəhbərliyi ilə yaradılmış xüsusi komissiya Bakı şəhər Yaşıllaşdırma Tresti, Milli Elmlər Akademiyasının alimləri, Bakı şəhər Sovetinin nümayəndələri ilə birlikdə bağın inkişafı haqqında tədbirlər planı hazırladı. Bununla əlaqədar olaraq 1978–1980-ci illərdə Botanika bağının abadlaşdırılması işlərinə yeni təkan verildi. 1980-ci illərin axırı və 1990-cı illərin əvvəllərində layihələndirilmiş böyük tikililərin, hovuzların inşaası dayandırıldı. AMEA Rəyasət Heyətinin 22 noyabr 2000-ci il tarixli 22/9 saylı qərarı ilə Nəbatat bağının adı dəyişdirilərək "Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağı" adlandırıldı.

QƏDİM ŞƏRQ VƏ MÜASİR QƏRB MEMARLIĞI

Xatırladaq ki, son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakı şəhərində abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Aparılan yaşıllaşdırma işlərinə və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük dəstək verir.

Ölkəmizin hər bir yerində aparılan-abadlıq quruculuq işləri onun simasını köklü şəkildə dəyişib, infrastruktur təminatı, kommunal xidmətlərin keyfiyyəti yaxşılaşıb, əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib. Əsrlər boyu müxtəlif mədəniyyətlərin, dini inancların ahəngdarlıqla qovuşaraq, mükəmməl harmoniya yaratdığı Bakı Qız Qalası, Qala Divarları, Şirvanşahlar Saray Kompleksi, məscidləri, karvansaraları və digər memarlıq abidələri ilə sirli aləmə çevrilən paytaxtımıza yeni çalarlar əlavə olunub. Bura tariximizin daş yaddaşıdır, onun hər parçası keçmişimizin əbədiləşmiş məqamlarını özündə yaşadır. Geniş vüsət alan abadlıq-quruculuq və yenidənqurma işləri paytaxtımıza yeni bir ahəng gətirib. Xüsusilə, böyük parkların, xiyabanların salınması və köhnə tikililərin sökülərək, yenilərinin inşası şəhərimizə yeni çalarlar əlavə edib. Şəhərin simasına xüsusi gözəllik verən yaşıllıqlar Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına də təsirsiz ötməyib. Dünyanın iri şəhərləri, xüsusilə paytaxt şəhərlər məxsus olduqları dövlətlərin siyasi-iqtisadi, tarixi-mədəni inkişaf səviyyəsini, eləcə də şəhərsalma mədəniyyətini özündə göstərmiş olur. Küləklər şəhəri kimi tanınan Azərbaycanın paytaxt şəhəri olan Bakı da yüz illər ərzində formalaşan qədim şərq və müasir qərb memarlığının sintezinə əsaslanan özünəməxsus şəhərsalma ənənələrini özündə əks etdirən məkandır. Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində paytaxtımızın adı dünyanın ən gözəl və müasir şəhərləri sırasında hallanır. Bakının görkəmi tamamilə dəyişir, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binaları, sosial və digər qeyri-yaşayış obyektləri sökülərək yenidən qurulur.

ƏRAZİ EKOLOJİ TƏMİZ ZONAYA ÇEVRİLİB

Bakıdakı Dənizkənarı Milli Parkımız ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. Burada "Baku Kristal Hall"ın inşası bu ərazinin görkəminə yeni rəng əlavə edib. Bakı Bulvarında bərpa edilən "Qu quşları" fəvvarə kompleksi də bu əzəmətə, görkəmə xüsusi bir rəng qatır. "Qu quşları" fəvvarə kompleksi 60 ildən artıq tarixə malikdir. Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın da istifadəyə verilməsi, "Sovetski" adlanan ərazidə abadlıq və yenidənqurma işlərinin aparılması və s. Bakının inkişafının yeni dövrünü yaşadığını təsdiq edir və şəhərimizin gözəlliyinə yeni gözəlliklər qatılır. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınır, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulur. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır. Ekoloji fəlakət mənbəyi olan Balaxanıda, Bibiheybət neft mədənlərində, Böyükşorda aparılan işlər nəticəsini verib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Bakıda havanın keyfiyyətinin böyük dərəcədə yaxşılaşdığını diqqətə çəkərək, havanı çirkləndirən bir çox mənbələrin ləğv edildiyini bildirib: "Onlardan biri Bibiheybət zonası idi, hansı ki, o, ekoloji fəlakət mənzərəsi idi. İndi orada park salınıb, idman qurğuları, xiyabanlar yaradılıb, bulvar o zonaya qədər uzadılıb. İkincisi, havanı və ekologiyanı böyük dərəcədə çirkləndirən "Qara şəhər" idi. indi onun yerində "Ağ şəhər" yerləşir. Bu da, böyük şəhərsalma layihəsidir. Əlbəttə, Balaxanı zibilxanası havanı, demək olar ki, zəhərləyirdi. Çünki orada yanan məişət tullantılarının söndürülməsi mümkün deyildi. Hazırda orada böyük zibilyandırma zavodu və çeşidləmə poliqonu fəaliyyət göstərir. Bu ərazi ekoloji təmiz zonaya çevrilib".

KEYFİYYƏTLİ VƏ MÜASİR ŞƏHƏR MÜHİTİ

Qeyd edək ki, Bakı Ağ Şəhər layihəsi dünyanın qabaqcıl və müasir şəhərsalma layihələri səviyyəsindədir. "Azərbaycanda yüz illərdən bəri Qara Şəhər adlanan şəhər ağaracaqdır, təmizlənəcəkdir, orada gül-çiçək əkiləcəkdir və o, Azərbaycanın gözəl bir guşəsinə çevriləcəkdir.", - deyən Ümummilli Lider Heydər Əliyev uzaqgörəliklə söylədiyi fikirlər reallığa çevrilib. Artıq Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra tikililər, avtomobil yolları və digər infrastruktur işləri tamamlanıb. Burada həmişəyaşıl ağaclar və kollardan ibarət landşaft salınıb. Meydanın mərkəzində Qarabağ atlarının heykəl kompleksi quraşdırılıb. Qarabağ atları heykəl kompleksi Azərbaycanın Qarabağ torpaqlarının 30 illik işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindəki Zəfərinə həsr edilib. Dövlət başçısının həyata keçirdiyi tədbirlər öz uğurlu nəticəsini verir. Ağ Şəhər də onlardan biridir. Həm uğurlu, həm də böyük bir ekoloji layihə kimi dünyada tanınır. Həmçinin, Bakı şəhərinin sakinləri arasında da böyük etimadla qarşılanır. Ağ şəhərin təhvil verilmiş kvartallarında artıq minlərlə sakin keyfiyyətli və müasir şəhər mühitində yaşayır. Burada layihələndirilən və tikilmiş binalar, parklar və digər ictimai yerlər Bakı şəhərinin gözəl memarlıq simasına öz töhfəsini verməkdədir. Dinamik inkişaf edərək perspektivliyi ilə iri biznesi və xarici investorları cəlb edən paytaxt, getdikcə daha çox iş və yaşayış, istirahət və əyləncələr üçün arzu edilən böyük şəhərlərdən birinə çevrilir.

"MƏQSƏDİMİZƏ ÇATMIŞIQ, ŞƏHƏR İÇİNDƏ ARTIQ ŞƏHƏR VAR"

Bu layihənin reallaşdırılması ilə Qara Şəhərin sənaye siması keçmişdə qalaraq yerini Bakı Ağ Şəhər adlı harmoniya və rahatlıq məkanına verərək, öz təkrarolunmaz cizgiləri ilə regionda lider olan Bakı şəhərinin yeni müasir mərkəzinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Məqsədimizə çatmışıq, şəhər içində artıq şəhər var".

İlk neft canlanmasının mirası və uzaq keçmişin şəhərsalma tədbirlərinin nəticəsi kimi, Qara Şəhər 19-cu əsrin sonunda, Bakının şərq hissəsində yaranmışdır. Sonradan o, "qara qızılın" emal olunması, saxlanılması və nəql edilməsi üzrə fəaliyyəti yerinə yetirərək, 100 ildən artıq bir müddətdə neft sənayesində mühüm rol oynayıb. Bu ərazidə əsasən, neft zavodları yerləşirdi. Hələ 1873-cü ildə bir çox zavodların Bakıdan kənardakı boş ərazilərə çıxarılması haqqında sərəncam veriləndə həmin vaxt bu ərazidə (Qara şəhər) 100-ə yaxın zavod, ticarət müəssisələri və yaşayış yerləri tikildi. Tezliklə zavodlardan çıxan tüstü və his həmin ərazini qaraya boyadı, bu ərazini də haqlı olaraq "qara şəhər" adlandırdılar. XIX əsrin ikinci yarısında çox sürətlə inkişaf edən neft sənayesi Bakı ətrafında böyük bir ərazini əhatə edir və bu ərazidə yerləşən zavodların tüstü və hisi bütün ətrafı bürüyürdü. Şəhərin inkişafına mane olan bu cür hallarla bağlı ictimai fikirlər quberniya hakimiyyətini bu problemi həll etmək məcburiyyətində qoymuşdu. Beləliklə də, 1870-ci ildə şəhərdə və şəhərin yaşayış məhəllələrində yerləşən 147 zavodun sökülməsi barədə quberniya hakimiyyəti qərar qəbul etdi və şəhərin yaşayış məntəqələrindən 2km aralı olmaq şərti ilə boş ərazilərə köçürülməsi qərarlaşdırıldı.

Beləliklə də, 1876-cı ildə Keşlədəki otlaq sahələrində və yerli əhalinin bağ və bostan sahələrinin yerində yeni sənaye rayonu salındı. 1880-ci ildə yeni sənaye rayonunda 118-dən artıq müəssisə fəaliyyət göstərirdi. 1905-ci ildə demək olar ki, Bakının bütün iri neft sənayesi obyektləri burada yerləşdirilmişdi. Buradakı tikililərin hamısını qara his basdığından hər tərəf qapqara görsənirdi. Elə buna görə də, 1880–90-cı illərdə və o zamanlardan üzü bəri bu ərazi artıq "Qara şəhər" kimi tanınırdı. Artıq o şəhər indi "Ağ şəhər" kimi dünyanın ən müasir bir şəhərinə çevrilir.

Bölgələrimizlə yanaşı, dünyanın qədim neft sənayesi mərkəzi olan paytaxt Bakı da qısa müddətdə ən iri şəhərlərdən birinə çevrilərək özünün təkrarolunmaz simasını əldə edib. Son illər Bakıda həyata keçirilən ardıcıl inkişaf prosesi şəhərimizin tarixi ilə müasirliyini özündə birləşdirərək tamamilə yeni bir simadadır.

Zümrüd Bayramova

Səs.-2024.-25 iyun.-№110.-S.2.