Yeni il qabağı Azərbaycan Prezidenti İlham Əliyevin "Bakı Ağ şəhər”də görülən və görüləcək işlərlə tanış olmasını heç də adi tədbirlərdən biri kimi qiymətləndirmək düzgün olmazdı.
Ağ şəhər tarixi baxımdan müstəqilliyini qazanan ölkənin paytaxtının son 15 ildə simasının büsbütün gözəlləşməsini əyani nümayış etdirən əvəzsiz nümunədir. Dövlət başçısı yolunu necə bura salırsa, bizim də baş verən dəyişikliklərin fonunda keçmişə qayıtmaq, 100 il əvvəlki qara şəhərin qara günlərini xatırlamaq kimi imkanımız var.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bakı Ağ şəhər”də iki elektrik yarımstansiyalarının, Birinci Fəvvarələr küçəsinin açılışında, "Ağ şəhər” piyada körpüsünün və Zaman meydanının təməlqoyma mərasimində iştirak etdilər, Fəvvarələr Meydanı Parkı ilə tanış oldular.
Dövlət başçısına məlumat verildi ki, yeni yollar salınarkən ərazidə mazutlu və texnogen mənşəli yararsız qrunt 2 metrə qədər dərinliyədək qazılaraq ərazidən daşınılıb və əvəzində 400 min kubmetr yararlı karxana materiallarından istifadə edilib. Layihəyə uyğun olaraq 22,4 kilometr uzunluğunda 16-47 metr enində iki, dörd və altı hərəkət zolağından ibarət olan 63 avtomobil yolunda işlər davam etdirilib.
Ümumi uzunluğu 1420 metr olan Birinci Fəvvarələr, Birinci Yaşıl ada, İkinci Yaşıl ada, Altıncı park və Mərkəzi Şərq küçələrində 550 min kubmetr torpaq işi görülüb, 36 min kvadratmetr sahəyə asfalt-beton döşənib, inşaat işlərində 400 min kubmetr karxana materiallarından istifadə edilib, 22 min kvadratmetr səki salınıb, 150 işıq dirəyi quraşdırılıb, yollar boyunca müxtəlif növdə 240 ağac əkilib.
Ağ şəhər yollarının təmir işləri çərçivəsində cari ildə Birinci Fəvvarələr küçəsinin Nobel prospektinə çıxışı təmin olunub. Uzunluğu 560, eni isə 32 metr olan bu küçə Yaşıl ada və Fəvvarələr meydanı kvartallarını kəsir və şimalda Mərkəzi bulvar küçəsinə, cənubda isə Nobel prospektinə çıxır. Dördzolaqlı Birinci Fəvvarələr küçəsində, digər küçələrdə olduğu kimi, avtodayanacaq və piyadaların təhlükəsizliyi də nəzərə alınıb. Səkilərdə yaşıllıqlar, arabalar üçün panduslar salınıb, həmçinin avtomobillər üçün xüsusi parkinq yerləri də nəzərdə tutulub.
Fəvvarələr Meydanı parkı isə piyada keçidi və 800 yerlik ictimai parkinq kompleksinin bir hissəsidir. Tikintisi əsasən başa çatmış Fəvvarələr meydanı kvartalının mərkəzində yerləşən parkda geniş istirahət zonaları, üç fəvvarə kompleksi, uşaqların təhlükəsiz əyləncəsi üçün geniş meydança qurulub, landşafta gözəl memarlıq dizaynı verilib. Buradakı memarlıq işlərində klassika, müasirlik və qarışıq üslub nəzərə alınıb, müxtəlif nou-haular, hay-teklər, tikinti materiallarının incə zövqlə seçimi, ritmiklik, zəriflik harmonik tətbiq edilib. Parkın bəzi hissələri Qara şəhərin keçmiş tikililərindən qalma köhnə "xatirə” daşlarla döşənib.
Qara şəhər haqqında məlumatlandırıcı lövhələr, küçə saatı, termometr, xatirə medalyonu quraşdırılıb, "Daşın nəğməsi” adlı heykəl qoyulub. Piyadalar şimalda yerləşən Babək prospektindən Mərkəzi park rayonu, Fəvvarələr meydanı və Nobel prospekti üzərindən körpü vasitəsilə birbaşa Ağ şəhər bulvarına qədər 2 kilometrlik maneəsiz gəzintiyə çıxa biləcəklər, körpüdə yerləşdiriləcək eskalator və liftlər vasitəsilə metronun Ağ şəhər stansiyasına rahat gediş-gəliş əldə edəcəklər.
Bu yerdə keçmişə nəzər salmaq, görkəmini dəyişən bu müasir bəyaz şəhərin qara günlərini xatırlamaq yerinə düşərdi. XIX əsrin ikinci yarısında Qara şəhərdə əsasən neft zavodları yerləşirdi. Hələ 1870-ci illərdə bir çox zavodların Bakıdan kənardakı boş ərazilərə çıxarılması qərara alınmışdı. Bu ərazilərdə 100-ə yaxın zavod, ticarət müəssisələri və yaşayış yerləri tikildi. Zavodlardan çıxan qədərsiz tüstü bu məkana Qara şəhər adının verilməsinə səbəb oldu. 1880-ci ildə isə Keşlədəki otlaq sahələrdə və yerli əhalinin bağ və bostan sahələrinin yerində salınan müəssisələrin sayı 118-dən artıq idi. 1905-ci ildə, demək olar ki, Bakının bütün iri neft sənayesi obyektləri burada yerləşdirilmişdi. Bu yer 100 ilə yaxın bir müddətdə Qara şəhər adı ilə damğalandı. Bakı əsrdən uzun dövr ərzində neft istehsalında dünyada birincilərin sırasında olsa da, Qara şəhərin nə adı, nə də ki siması uzun illər dəyişdi. O zamanlar buralarda erməni mauzerçiləri, Bakının yerli qoçuları "piştonçular” ağalıq edər, "razborka”lar aparar, adam oğurluğu ilə məşğul olardılar.
Burada neft şirkətlərinin ofisləri, emalatxanalar və əlaqədar işçilərin yaşayış əraziləri yerləşirdi. Mərkəz ilə müqayisədə yaşayış şəraiti pis idi. İmkanlı şəxslər neft çıxarılması və emalının qadağan edildiyi şəhər mərkəzində yaşayırdılar. Bakının neft fəhlələrinin çoxu isə Qara şəhərdə yerləşdirilmişdi. 1890-cı ildə Qara şəhərə gələn türk səyahətçi buranı belə təsvir edirdi: "Hər şey qaradır; divarlar, yer, hava və səma. Sən nefti hiss edirsən və tüstünü içinə çəkirsən və pis qoxu səni boğur. Sən səmanı bürüyən tüstü buludlarının arasında gəzirsən”.
Köhnə Bakı ilə bağlı sovet proletar yazıçısı Maksim Qorkinin də maraqlı xatirələri var. Bakıya ilk dəfə fəhləliyə gələn gənc yazıçı yazırdı: "Bakının neft mədənləri mənim yaddaşımda zülmət cəhənnəmin dahiyanə mənzərəsi kimi qalıb. Bu mənzərə özünün çənlərdə qaynayan qırları, sönməz cəhənnəm alovu ilə dəhşətli şüurun bütün fantastik təxəyyüllərini, səbir və həlimlik carçılarının insanı qorxutmaq cəhdlərini kölgədə qoyurdu”. 1892-ci ildə Bakını belə təsəvvür edən yazıçının mövqeyi ikinci gəlişində də dəyişmir. O, birinci gəlişində Bakını tüstüyə bürünən buruqların zirvəsindən aşağıdakı cəhənnəmə bənzədir və işləməyə gəlsə də, buraları tərk edir: "Bütün bunlar o qədər müdhiş, qeyri-real, yaxud ifrat real, adamın düşüncəsini başından alan idi...”
İkinci dəfə 1897-ci ildə Bakıya Şalyapinlə gələn yazıçını Həsən bəy Zərdabi də müşayiət edir. "Sovet İttifaqına səyahət” kitabında mədənləri çaşqın vəziyyətdə gəzdiyini, öskürəkdən boğulduğunu, ayağının altında qumun xışıldamaq əvəzinə marçıldadığını yazır. Fəhlələrin yaşadığı alçaq kazarmaları "ibtidai adamların məskəni”nə bənzədir, heç vaxt bu qədər çirkli, tullantılarla dolu insan məskəni görmədiyini qeyd edir, geri dönərkən isə Bakını hətta ölü Pompeyin xarabalıqlarına bənzətməkdən belə çəkinmir.
Bir də 1928-ci il iyulun 20-də Bakıya ayaq basan yazıçı gördüklərini təxminən 40 il əvvəl rastlaşdıqları ilə müqayisədə müsbət qiymətləndirir. Lakin onun gördükləri, təbii ki, bugünkü Ağ şəhərin yanında yenə heç nədir.
Hazırda bu məkanda "Bakı Ağ şəhər” layihəsi ərazisində Xəzər dənizindən 25 metr hündürlükdə yerləşən Park rayonunda inşaat işləri davam edir. Burada tikilən 20 mərtəbəli yaşayış binalarının hündür podiumları üzərində istirahət və yaşıllıq zonaları, uşaq meydançaları salınacaq. "Knightsbridge (Naytsbric) Residence” kompleksinin tikintisi davam edir. Burada yaşayış binaları, biznes mərkəzi və məktəbin tikintisi planlaşdırılıb.
Babək prospektindən başlayan yeni Mərkəzi Şərq küçəsində yeni Qarabağ Atları meydanının layihəsi hazırdır. Kvartalın mərkəzinə çevriləcək meydanda sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılacaq, burada mağazalar, kafelər və meydanın mərkəzində 7 atdan ibarət fəvvarələr kompleksi inşa olunacaq.
2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı çərçivəsində layihənin qərbində yerləşən 26,7 hektar xaotik tikintili və infrastrukturu olmayan yeni ərazinin texniki inventarlaşdırılması aparılıb, Şəhərsalma və Arxitektura Komitəsinin tövsiyələri əsasında inşa olunacaq tikililərin memarlıq göstəriciləri, şəhərsalma, nəqliyyat və digər infrastrukturu "Ağ şəhər” layihəsi ilə uzlaşdırılıb və müfəssəl planı hazırlanıb. Bununla yanaşı, inşa olunacaq çoxsaylı bina, yol, park, məktəb, servis obyektləri, digər ərazi-planlaşdırma və infrastruktur işlərinin layihələndirilməsi də yerinə yetirilərək cari ildə nəzərdə tutulan bütün işlər yekunlaşdırılıb. Ərazisi 7800 kvadratmetr olan Zaman meydanı şimal tərəfdən gözəl landşaft və fəvvarələr kompleksi ilə əhatə olunacaq. Gələcək metronun "Ağ şəhər” stansiyasının çıxışlarından biri də burada yerləşəcək. Meydan xüsusi sifariş edilmiş çoxsaylı saatlarla bəzədiləcək.
Ağ şəhərin bugününə və keçmiş qara günlərinə səyahət bizə imkan verir ki, cəmi 15 ilin ərzində paytaxtın yüzilliklərə bərabər inkişaf yolunu keçməsinin şahidi olaq.
Bahadur İmanquliyev
Azərbaycan. - 2018.- 28 dekabr. - № 294. - S. 10.