Hər bir rayonun sosial-iqtisadi inkişafı onun iqtisadi yüksəlişi, əhalinin yaşam səviyyəsi, abadlıq, əhali üçün yaradılmış hərtərəfli şəraitlə xarakterizə olunur. Bu baxımdan son illərdə Bakının Suraxanı rayonunun sosial-iqtisadi inkişafının xeyli dərəcə yüksəldiyini söyləyə bilərik. Çünki bu, özünü statistik göstəricilərdə də büruzə verir. Belə ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən sistemli şəkildə həyata keçirilən məqsədyönlü və düşünülmüş islahatlar, ölkəmizin bütün regionlarında, o cümlədən Suraxanı rayonunda da iqtisadiyyatın sürətli inkişafını, insanların yaşayış şəraitinin yaxşılaşmasını, yoxsulluğun və işsizliyin azaldılmasını, sabitliyin möhkəmlənməsini təmin edib: «2017-ci ildə rayonda əvvəlki ilə nisbətən sənaye məhsulunun istehsalı 145 faiz, əsas kapitala yönəldilən investisiyalar 211 faiz, kənd təsərrüfatı 163 faiz, pərakəndə ticarət dövriyyəsi 224 faiz təşkil etmiş, nəqliyyat xidmətləri 3 dəfə artıb, orta aylıq əməkhaqqı 611 manat olub, əhaliyə 222 milyon manat məbləğində pullu xidmətlər göstərilib, 4840 yeni daimi iş yeri açılıb. Hesabat dövründə rayonda mühüm yenidənqurma layihələri reallaşdırılıb, küçələrə və məhəllədaxili ərazilərə ümumilikdə 306,3 min kvadratmetr asfalt örtüyü çəkilib, 95 min kvadratmetrdən çox sahədə cari təmir işləri aparılıb. Ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaraçuxur və Zığ qəsəbələrini birləşdirən, uzunluğu 2 kilometr olan avtomobil yolu, Zığ, Əmircan və Yeni Suraxanı qəsəbələrini birləşdirən, uzunluğu 12 kilometr olan yolun 3 kilometrlik hissəsi yenidən qurulub. Zığ və Hövsan qəsəbələrini birləşdirən 6,8 kilometrlik avtomobil yolu yenidən qurulur».
İcra başçısı qeyd edib ki, Suraxanı rayonunda vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir tələblərə cavab verən çoxmənzilli binaların tikintisini reallaşdırmaq məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Hövsan qəsəbəsinin qərb hissəsində Dövlət Neft Şirkətinin daimi istifadəsində olan 20 hektar sənaye təyinatlı torpaq sahəsinin kateqoriyası dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməklə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC-nin sərəncamına verilib, həmin ərazidə 3200 mənzilli, 12 min nəfərin yaşaya biləcəyi 7-10 mərtəbəli binalardan ibarət yaşayış kompleksinin, məktəbin və iki uşaq bağçasının tikintisi nəzərdə tutulub: «2003-cü ildən bəri Suraxanıda 31 dəfə səfərdə olan və rayonun inkişafına daim böyük diqqət göstərən möhtərəm Prezidentimiz cənab İlham Əliyev ötən il dekabr ayının 24-də Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə MİDA-nın ikinci layihəsi olan Hövsan yaşayış kompleksində tikiləcək ilk 7 mərtəbəli binanın təməlqoyma mərasimində iştirak edib».
Başçı bildirib ki, hesabat dövründə rayonda 17,8 min poqonometr su və 832 poqonometr kanalizasiya xətləri çəkilib, görülən işlər nəticəsində rayon əhalisinin 58 faizi qrafiklə, 38 faizi isə fasiləsiz su ilə təmin olunub. Qaraçuxur qəsəbəsində yerləşən “S. Steel Company” şirkətinin qarşısındakı dairədən Əmircan qəsəbəsinin Səttar Bəhlulzadə dairəsinədək yolda və Yeni Suraxanı qəsəbəsinin Səttar Bəhlulzadə, Atamoğlan Rzayev və Xanlar Ələkbərov küçələrində “Azərsu” ASC tərəfindən qəzalı vəziyyətdə olan 2 ədəd 400 millimetr diametrli su xətti dəyişdirilib, 6820 metr uzunluğunda müxtəlif diametrli yeni xətlər çəkilərək istifadəyə verilib. Ümumiyyətlə, reallaşdırılan bu və ya digər tədbirlər nəticəsində Əmircan və Yeni Suraxanı qəsəbələrində 8 min nəfərin su təchizatı yaxşılaşdırılıb: «Hazırda Qaraçuxur qəsəbəsinin Etibar Bəkirli küçəsində 100-ə yaxın fərdi yaşayış evinin altından keçən qəzalı su xəttinin ləğv edilərək daha təhlükəsiz əraziyə köçürülməsi və həmin küçədə 2800 poqonometr, Bülbülə qəsəbəsinin Səttar Bəhlulzadə, Vüqar Bədəlov küçələrində 6000 poqonometr, Əmircan qəsəbəsinin Elxan Həsənov, Malik Mustafayev və Zülal Tağıyev küçələrində 5500 poqonometr yeni su şəbəkələri qurulur. Hesabat dövründə 19,2 kilometr yeni qaz kəməri çəkilib və ya əsaslı təmir olunub, 3 ədəd yüksəkgərginlikli elektrik yarımstansiyasının binasında və ətrafında təmir-abadlıq işləri aparılıb, 5 elektrik yarımstansiyasında transformatorlar daha güclüləri ilə əvəzlənib, 5360 metr kabel çəkilib və hazırda rayon əhalisinin 100 faizi elektrik enerjisi ilə, 98 faizi isə məişət qazı ilə təmin olunur.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət mərkəzi”in xüsusi avtobusları vasitəsilə 2017-ci ilin fevral-mart aylarında Yeni Suraxanı, Zığ və Hövsan qəsəbələrində 1104 nəfər vətəndaşa səyyar formada xidmət göstərilib. Əhalinin istiliklə təminatını daha da yaxşılaşdırmaq üçün məhəllədaxili və binadaxili istilik sistemlərində təmir-bərpa işləri görülüb, 1850 poqonometr istilik xətti dəyişdirilib, qarlı-buzlu hava şəraiti üçün qum və duz ehtiyatı yığılıb, maşın və mexanizmlər saz vəziyyətə gətirilib. İstilik sisteminə qoşulan 324 çoxmərtəbəli yaşayış binası, 34 məktəb, 35 uşaq bağçası və 12 səhiyyə obyektinin hər birinə qış mövsümündə istilik verilişi təmin olunub».
Başçının sözlərinə görə, rayonda yararsız və ya qəzalı vəziyyətdə olan mənzillərdə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, habelə digər obyektlərin sökülərək yenilərinin inşa edilməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, müəyyən tədbirlər görülür: «Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, 34, 36 və Qəzənfər Vəliyev küçəsi, 13 ünvanlarında yerləşən istismara yararsız evlərin yerində çoxmərtəbəli yaşayış binaları tikilir.
Hesabat dövründə rayonun mənzil-kommunal birlikləri tərəfindən balansdakı yaşayış binalarının dam örtükləri, pilləkən qəfəsləri təmir olunub, zirzəmilər çirkab sulardan təmizlənib, mühəndis-kommunikasiya sistemlərinin, lift təsərrüfatının işlək vəziyyətdə saxlanılmasına daim diqqət yetirilib. Hövsan qəsəbəsində 9 ədəd çoxmənzilli yaşayış binası təmir edilib, rayonun mənzil-kommunal birlikləri tərəfindən 40-a yaxın çoxmənzilli yaşayış binasının həyətləri abadlaşdırılıb. Rayonda 20 “Nümunəvi abad məhəllə” salınıb, İDEA İctimai Birliyinin təşəbbüsü ilə “Abad həyət - Sağlam həyat” layihəsi çərçivəsində Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə 1, 2, 3, 4, 5 və 6 saylı yaşayış binalarının həyətində abad məhəllənin salınması işləri davam etdirilir».
“Bir bələdiyyə-azı bir layihə” proqramı çərçivəsində Bülbülə qəsəbəsində Şəhidlər Xiyabanı əsaslı şəkildə yenidən qurulub, Hövsanda qəsəbəsində “1941-1945” abidə kompleksi əsaslı təmir edilib. Qaraçuxur qəsəbəsində Ə.Mehbalıyev küçəsində “Vətən şəhidləri unudulmur” abidə kompleksində isə yenidənqurma işlərinə başlanılıb. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun yaşadığı Əmircan qəsəbəsi, 8/6 saylı binanın üzərində quraşdırılmış xatirə lövhəsinin təntənəli açılışı ilə əlaqədar ətraf sahələr abadlaşdırılıb, həyətlərdə oturacaqlar quraşdırılıb, yaşıllıqlar salınıb. Ümumilikdə, rayon üzrə 19 ünvanda 63 şəhidin xatirəsini əbədiləşdirən xatirə kompleksləri əsaslı təmir olunub və ya yeniləri tikilib.
Qeyd edək ki, esabat dövründə Suraxanıda ətraf mühitin yaxşılaşdırılması tədbirləri davam etdirilib, rayonda fəaliyyət göstərən neft əməliyyatı şirkətləri tərəfindən ümumi sahəsi 1,5 hektar olan 45 gölməçə qurudulub və müxtəlif növ tullantılardan təmizlənib, lay suları, habelə neftlə çirklənən 9,8 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunub, həmin ərazilərdə qazon və ağaclar əkilib: «Ekoloji vəziyyətin yaxşılaşmasına mütəmadi keçirilən iməciliklər də müsbət təsir göstərib. Belə ki, hesabat dövründə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən 16 ümumrayon iməciliyində 7562 ədəd ağac əkilib».
Əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsinə də mühüm önəm verilib. Rayonda 1435 yeni iş yerinin açılması, abadlıq, yaşıllaşdırma və çoxmənzilli yaşayış binalarının əsaslı təmiri işlərinə rayon MKTB-yə 36-sı məcburi köçkün olmaqla cəmi 568 nəfər işaxtaran şəxs, digər qurumlarda isə 662 nəfər vətəndaş cəlb edilib. Rayon Məşğulluq Mərkəzi tərəfindən 898 nəfər işlə təmin edilib, 158 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.
Bundan başqa, rayonda məcburi köçkün ailələrinin problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli ilə bağlı verdiyi tapşırıqlara əməl olunur. Məcburi köçkünlərin məskunlaşdığı Hövsan qəsəbəsindəki “Gilavar” uşaq bağçasının və H.Quliyev küçəsi, 22 saylı ünvandakı yataqxananın, Bülbülə qəsəbəsindəki “Azərtuneltikinti” şirkətinə məxsus yataqxananın dam örtükləri təmir edilib, rayon ərazisində məcburi köçkünlərin sıx məskunlaşdığı binalarda 426 ailə fərdi sayğacla təmin olunub, yurd-yuvalarından didərgin düşən insanların bir çox məişət problemləri həll edilib.
Qeyd edək ki, 2017-ci ildə sahibkarlara 146 milyon manat güzəştli kredit verilib. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun ötən il Suraxanı rayonunda keçirdiyi işgüzar forum çərçivəsində Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana və zeytunçuluq təsərrüfatlarının, badam bağının salınması, plastik və karton tara istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinə 8,8 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, aqropark, istixana kompleksinin yaradılması, heyvandarlıq, tərəvəzçilik, quşçuluq, qapı-pəncərə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində Suraxanı rayonunun Hövsan qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış aqroparka baxış keçirilib. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Hövsan qəsəbəsində yaradılmış zeytunçuluq təsərrüfatına 3.6 milyon manat güzəştli kredit verilmiş, bu kredit hesabına 113 yeni iş yerinin yaradılacağı nəzərdə tutulub.
Məqalə Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb
Cəmilə Hüseynli
Həftə içi. - 2018.- 19 aprel. - № 69. - S. 6.