Birinci Avropa Oyunları ölkəmizin idman tarixində şərəfli yer tutur


Azərbaycan müstəqillik illərində təkcə dinamik inkişaf edən, dün­yanın ən böyük neft şirkətləri ilə sıx əlaqə yaradan neft-qaz ölkəsi kimi tanınmadı, həm də beynəlxalq tədbirlərə evsahibliyi etmək sahəsində zəngin təcrübə topladı. Müstəqilliyinin 30 ili tamam olan ölkəmiz həm ictimai-siyasi, həm iqtisadi, həm mədəni, həm idman sahələrində özü­nün təşkilatçılıq qabiliyyətini və dünyaya inteqrasiya meyillərini açıq-aşkar büruzə verdi. Bununla da Bakı dünyada dinc, sülh şəraitində ya­şamaq istəyən, eləcə də dünyada sülh və əmin-amanlıq yaradılmasına töhfələr verən ölkə imici qazanmış oldu. Bu gün Azərbaycanı dünyada məhz sülh və inkişaf ölkəsi, tolerantlıq, multikulturalizm məkanı kimi tanıyır və hörmət edirlər.

Bakının yüksək səviyyədə evsahib­liyi etdiyi nəhəng, miqyaslı beynəlxalq tədbirlərdən biri də Birinci Avropa Oyunları oldu. Tədbir 12-28 iyun tarixlərində Bakıda və respublikamızın digər ərazilərində ke­çirildi. Bu tədbirin də, digərləri kimi, böyük müvəffəqiyyətlə başa çatması ölkəmizin beynəlxalq nüfuzuna yeni müsbət ça­larlar əlavə etdi. Azərbaycan Prezidenti İlham Əliyev təsadüfən deməmişdi ki, qitənin mötəbər idman tədbirini keçirməklə Azərbaycan həm də növbəti Avropa Oyun­larının standartlarını müəyyən etmək üçün şərəfli bir missiyanı yerinə yetirdi.

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il de­kabrın 8-də Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edildi. Gizli səsvermə nəticəsində 48 səsdən 38-ni qazanan Azərbaycan bu şansı əldə etdi. Bu qərarın qəbul edilməsində ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı, müasir idman infrastrukturuna malik olmağımız, ən əsası isə sürətli, dinamik inki­şaf edən ölkə olmağımız mühüm rol oynadı. Təbii ki, bu məsələdə Azərbaycanın müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşu­ğunda yerləşməsi, daim dövlətlər, xalqlar və dinlər arasında əməkdaşlıq körpüsü olması da öz rolunu oynamış oldu.

Prezident İlham Əliyev Avropa Olimpi­ya Komitəsinin Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul etməsi münasibətilə Azərbaycan xalqı­na 10 dekabr 2012-ci il tarixli təbrikində bununla bağlı demişdi: “İlk növbədə, ölkəmizin beynəlxalq nüfuzu öz rolunu oy­namışdır. Azərbaycan bu gün dünyada bö­yük hörmətə malik olan bir ölkədir. Dünya birliyində bizim rolumuz, təsir imkanlarımız artır və dünya birliyi Azərbaycana böyük hörmətlə və etimadla yanaşır... Digər amil ondan ibarətdir ki, Azərbaycanda uzun illər ictimai-siyasi sabitlik hökm sürür. Bu da çox vacibdir. Ölkəmizin dinamik, uğurlu inkişafı üçün ictimai-siyasi sabitlik çox mü­hüm rol oynayır və Azərbaycan, bu baxım­dan, nümunəvi ölkə kimi dünyada özünü təsdiqləyibdir. Əlbəttə ki, iqtisadi uğurla­rımız da bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır”.

Tarix şahidlik edir ki, Olimpiya Oyunları əsrlər əvvəldən keçirilməyə başlayıb və bu gün də maraqla izlənilir. İlk Olimpiya Oyunları 776-cı ildə qədim Yunanıstanın Olimpiya şəhərində Zevsin şərəfinə keçiri­lib və sonradan kütləvi idman bayramları­na, dostluq, bərabərlik simvoluna çevrilib. İlk vaxtlarda qaliblər zeytun ağacının budaqlarından hörülmüş çələnglə mükafat­landırılıblar.

Qədim Yunanıstandan başlanan Olim­piya Oyunları XIX əsrin sonlarında yenidən bərpa olunub və Yay Olimpiya Oyunları kimi 1896-cı ildən etbarən hər 4 ildən bir keçirilməyə başlayıb. 1924-cü ildə Qış Olimpiya Oyunları təsis edilib. Əvvəllər Yay və Qış Olimpiya Oyunları eyni ildə keçirilsə də, 1994-cü ildə Qış Olimpiya Oyunlarının keçirilməsi Yay Oyunlarına nəzərən iki il irəli çəkilib.

Keçmiş Sovet İttifaqı bu cür beynəlxalq yarışlara ilk dəfə 1952-ci ildə Helsinki Olim­piadasında qoşulub. 1964-cü ildə Tokio ya­rışlarında sovet idmançıları 30 qızıl medal qazanıblar. 1980-cı ildə Olimpiya Oyunları Moskvada, 1984-cü ildə Los-Ancelesdə baş tutub.

Azərbaycan da müstəqillik illərində ilk dəfə 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarına qoşulub və həmin yarışlarda 1 gümüş medal qazanıb. Sidney (2000) görüşü ölkəmizə 2 qızıl, 1 bürünc medal qazandırıb. Afinadan (2004) Vətənə 5 me­dalla qayıdan idmançılarımız Pekin (2008) yarışlarında 1 qızıl, 2 gümüş, 4 bürünc medalla pərəstişkarlarını sevindiriblər. XXX London Yay Olimpiya Oyunlarında nəticə daha uğurlu olub: Azərbaycanın payına 2 qızıl, 2 gümüş, 4 bürünc medal düşüb.

Son illərdə ölkəmizdə idmanın inkişafı istiqamətində çox uğurlu addımlar atılıb. Bu sahədə qazanılmış uğurların təməlində, şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün və uzaqgörən siyasət dayanır. Məhz ilk Avro­pa Oyunlarının Azərbaycanda keçirilməsi də ulu öndərin idman siyasətinin təntənəsi kimi dəyərləndirilir. Heydər Əliyev demişdi: “İdman elə bir sahədir ki, idmançıları­mız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”.

Birinci Avropa Oyunlarının tarixi əhəmiyyəti nəzərə alınaraq, dövlətimizin başçısı İlham Əliyevin 17 yanvar 2013-cü il tarixli sərəncamı ilə Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı. Komitəyə Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO və İCESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva sədr təyin edildi. Təşkilat Komitəsinin qərarı ilə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi yaradıldı və oyunlara hazırlıq işlərinə start verildi. Dünyanın ən qabaqcıl və təcrübəli mütəxəssisləri ölkəmizə dəvət oluna­raq, yerli mütəxəssislərlə birgə yüksək səviyyədə hazırlıq işləri görüldü. Qısa zamanda görülən işlər sonradan dünyanı heyrətləndirəcək dərəcədə maraqlı alındı. Birinci Avropa Oyunlarının açılış mərasimi heyrətə səbəb olan məqamlarla yadda qaldı.

Beləliklə, Bakıda 20 idman növü üzrə yarışlar 21 idman obyektində keçirildi. Açı­lış mərasimi 68 min nəfərlik Bakı Olimpiya Stadionunda baş tutdu. Bundan əlavə, 7300 nəfərlik Olimpiya Şəhərciyi də id­mançıların sərəncamına verildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin Birinci Avropa Oyunlarına evsahibliyi etməsi həm böyük etimad, həm də böyük məsuliyyət idi. Ölkəmiz bu məsuliyyətin də öhdəsindən yüksək səviyyədə gəldiyini nümayiş etdirdi. Təbii ki, bu sahədəki uğurlar dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin bəhrəsi idi. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də etiraf etdiyi kimi, Avropa Oyunlarını reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışmaq məsuliyyəti hər xalqa nəsib olan keyfiyyət deyil.

Olimpiya ənənəsinə uyğun olaraq, Birinci Avropa Oyunlarının məşəli Atəşgah məbədində alovlandırılaraq 47 gün ərzində Azərbaycanın bütün bölgələrini dolaşıb və rəsmi açılış mərasimi üçün Bakı Olimpiya Stadionuna gətirilib. Açılış mərasimində birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva deyib: “Məşəl bayram, ruhlandırma və birlik mesajını daşıdı. Məhz alovlanan ruh hamımızı bir araya gətirir”.

Kamillik, dostluq və hörmət kimi Olimpiya dəyərləri məşəl estafetində aydın şəkildə əks olunur. Məşəlçilər qardaşlıq ru­hunda alovlanan məşəli bir-birinə ötürərək idman vasitəsilə sülh, dostluq və təntənə mesajını hər yerə yayıblar.

Məşəl 50 ölkəni təmsil edən 6 mindən artıq idmançını sağlam rəqabət ruhun­da mübarizəyə çağırıb. İyunun 12-də Bakı Olimpiya Stadionunda Birinci Av­ropa Oyunlarının açılış mərasimi özü­nün möhtəşəmliyi ilə seçilib, ən yüksək Olimpiya standartlarını nümayiş etdirib, gözəlliyi, rəngarəngliyi, heyrətamizliyi ilə yaddaqalan olub. Açılış mərasiminin kompozisiyası sülhü, humanizmi, insan­lar, svilizasiyalar arasında barışı, Şərq və Qərbin harmoniyasını əks etdirib. Mehriban Əliyeva açılışda demişdi: “Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır. Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun”.

Açılış mərasimində iştirak edən dövlət və hökumət nümayəndələrini, tanınmış icti­mai-siyasi xadimləri, Azərbaycan və bütün Avropa xalqlarını təbrik edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan artıq idmanın inkişafı istiqamətində öz rolunu dünyaya göstərir: “Bu, ölkəmiz üçün tarixi hadisədir... Eyni zamanda, Avropa üçün də tarixi hadisədir. Çünki başqa qitələrdən fərqli olaraq, Avropada heç vaxt qitə oyunları keçirilməmişdir. İdmanın, Olimpiya hərəkatının inkişafı Azərbaycanda dövlət siyasətidir”.

2015-ci il iyunun 28-i Birinci Avropa Oyunlarının bağlanış günü oldu. Dünya­nın idman tarixinə yeni möhtəşəm səhifə yazan birinci Avropa Oyunlarında 253 medal dəsti uğrunda mübarizə aparıldı. Təbii ki, sonluq həm Azərbaycan, həm də dünya üçün önəmli oldu. Hər bir yarış, hər bir qələbə təkcə bu və ya digər idmançının deyil, həm də bu idmançıları təmsil etdiyi ölkələrin sevinci, uğuru kimi yadda qaldı. Bu sevincdən ən böyük pay isə, təbii ki, təşkilatçı ölkə kimi Azərbaycanın payına düşdü. Məhz ona görədir ki, aradan 7 il keçsə də, həmin tarixi günləri Azərbaycan xalqı böyük sevinc və qürur hissi ilə yad edir.

Paşa Əmircanov

Xalq qəzeti. - 2022.- 12 iyun. - № 123. - S. 7.