Azərbaycanda idman və olimpiya hərəkatı: inkişaf tarixi, nəticələr və perspektivlər


Bəşəriyyətin təkrarsız incisi insan yer üzündə mövcud olduğu gündən hərəkət də, hiss və həyəcan da onunla birgə doğulub. İdman elə bir məfhumdur ki, onun yaranma tarixini, ilk dəfə harada və kim tərəfindən dünyaya bəlli edildiyini demək mümkünsüzdür. Çünki o insanlığın yaranışından yaranıb. Azərbaycan elə qədim zamanlardan pəhləvanlar, igidlər yurdu kimi özünə şan-şöhrət qazanıb.

Məmləkətimizdə adı bəlli yüzlərlə idman ustadı yaşayıb, bu gün də onların davamçıları yaşayır və Vətənimizin adını, bayrağını ucalardan ucaya qaldırır.

Ucsuz-bucaqsız yer üzündə elə idman yarışları, elə idman hadisələri var ki, orada Azərbaycan da öz idmançıları ilə təmsil olunur. Deyək ki, Azərbaycan idmançılarının səs-sədası hələ XX əsrin əvvəllərindən dünyaya yayılıb. Bu da idmançılarımızın ruh aldığı Vətən torpağının qüdrətindəndir ki, onun bəslədiyi igidlər öz bacarıqları ilə aləmi mat qoya bilir...

Dünya idman hadisələri yarışları sırasında Olimpiya Oyunları böyük əhəmiyyətə malikdir. Əsası mifik yunan tanrıları tərəfindən qoyulan bu yarışma bu gün bütün dünyanı öz çevrəsinə toplayıb. Dünyanın müxtəlif ölkələrində təşkil olunan Olimpiya Oyunları Azərbaycan dövlətinin idmançılarının da təmsil olunduğu və qalib ayrıldığı ənənəvi bir yarışdır.

Azərbaycanda sovet hakimiyyəti iki il idi ki, qurulmuşdu...Qırmızı ordunun hakimiyyəti ürəyimizcə olmasa da, idman və digər sahələrdəki bir sıra nailiyyətlərimiz bu dövrün payına düşür. 1922-ci ilin sonlarına yaxın Azərbaycanda idman və bədən tərbiyəsinin inkişafına önəm verilməyə başlayıb. Məlumatlara görə, həmin ildə bədən tərbiyəsi və idman işlərinə Azərbaycan Həmkarlar İttifaqları da qoşulub. Bu təşkilat öz xətti ilə idman cəmiyyətləri yaradıb, respublikada idmanın maddi-texniki bazasının qurulmasına xüsusi yardım göstərib. Deyək ki, ayrı-ayrı idman növləri üzrə yarışlardan başqa respublikada kompleks idman turnirləri də təşkil olunub. Azərbaycanda Olimpiya Oyunlarına qoşulma tarixi ölkəmizin ikinci dəfə müstəqillik qazanmasından uzun illər əvvəl - 1925-ci ildə mümkün olub. Çox diqqətçəkən faktdır ki, 1925-ci ildə Bakıda Olimpiya Oyunları adı altında yarışlar təşkil olunub. Bu olimpiadanın proqramına əsasən yüngül atletikanın müxtəlif növləri üzrə yarışlar daxil edilib. Bu da Azərbaycanda Olimpiya Oyunlarına böyük marağın yaranmasına imkan yaradıb. Bu tarix xalqımızın idman tarixində xüsusi qeyd edilməyə layiq bir hadisədir.

Məsələ burasındadır ki, sovet illərində Azərbaycan idmançılarının olimpiada yarışlarında elə də fərqlənməsi halları nəzərə çarpmır. Bu da təbii ki, hakim rejimin Azərbaycana və azərbaycanlılara bəslədiyi ayrı-seçkilik münasibətinin təzahürü idi...

Azərbaycan dövlətinin müstəqillik qazanması nəticəsində Azərbaycan idmançıları Olimpiya Oyunlarına daha da yaxınlaşdı və birmənalı iştirakçısına çevrildi. Bundan başqa, Azərbaycanda Milli Olimpiya Komitəsinin yaradılmasına qərar verilib. 1992-ci ildə yaradılan Azərbaycanın Milli Olimpiya Komitəsi (AzMOK) artıq öz fəaliyyətilə dünyada özünü təsdiqləyib. 1992-ci il Azərbaycan olimpiyaçılarının yeni nəslinə yol açdı. Deyərdik ki, olimpiya qaranquşlarımız üzü dünyaya səmt götürdü. Azərbaycan həmin il Barselonada keçirilən XXV Yay Olimpiya Oyunlarında müstəqil dövlət kimi təmsil oluna bilməsə də, birləşmiş komanda tərkibində bu oyuna qatıla bildi. Müstəqilliyimizin ilk bir ilində ölkənin beş idmançısı Müstəqil Dövlətlər Birliyinin birləşmiş komandası tərkibində Olimpiya Oyunlarında iştirak etməli oldu. Bununla belə, Barselona Oyunları Azərbaycanın olimpiya tarixinin yeni səhifəsi oldu. Bu oyunlarda Azərbaycan bayrağı qaldırıldı, himni səsləndi. Barselona Oyunlarından sonra Olimpiya Komitəsi öz fəaliyyətini genişləndirdi, Beynəlxalq Olimpiya Hərəkatına fəal qoşuldu. Məlumdur ki, Olimpiya Hərəkatı yalnız Olimpiya Oyunlarında iştirakla məhdudlaşmır. Ölkədə Olimpiya Hərəkatı ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib. Araşdırmamız zamanı bəlli oldu ki, 1994-cü ildə Azərbaycanda Olimpiya Hərəkatının təbliğinin vəziyyəti, Milli Olimpiya Komitəsinin fəaliyyəti ilə tanış olmaq üçün Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana, Avropa Olimpiya Komitəsinin prezidenti Cak Roq Bakıya gəlib. Ekspertlər bildirir ki, ümumiyyətlə, 1992-1997-ci illər arasında Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətində qeyd olunmalı işlər Avropa Yeniyetmələrinin Olimpiya Günlərində iştirak, Bakıda Beynəlxalq Qaçış Günlərinin keçirilməsini əhatə edir. Bu dövr üçün qeyd olunmalı ən mühüm hadisə isə 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılmasıdır. Atlanta Oyunlarına hazırlıq haqqında sərəncam, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini verdi. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı.

İdmançılarımızın göstərdiyi bu nəticə zəif olsa da, təcrübə baxımından normal qəbul edilməlidir. İdman mütəxəssisləri hesab edir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinin birinci beşilliyində görülən işlər, ümumiyyətlə, lazımi səviyyədə qurulmamışdı və qənaətbəxş sayıla bilməzdi. İşdə əsaslı dönüş yaratmaq tələb olunurdu. Milli Olimpiya Komitəsinin 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisi Komitənin yeni idarə heyətini müəyyənləşdirdi. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirildi.

Azərbaycan Milli Olimpiya Komitəsinin ötən fəaliyyətini nəzərdən keçirdikdə onu zamanca bərabər, lakin görülmüş işin həcmi və sanbalına görə bir-birindən kəskin fərqlənən iki beşilliyə bölmək mümkündür. Görülmüş işlərin xronologiyası da bunu əyani sübut edir. Birinci dövrdə Olimpiya Hərəkatı öyrənilməmiş, onun beynəlxalq miqyasdakı rolu dəyərləndirilməmiş, heç bir təşəbbüskarlıq göstərilməmişdi. Fəaliyyət yalnız Beynəlxalq və qitə Olimpiya Komitələrinin bəzi tədbirlərində iştirakla məhdudlaşdırılmışdı. Nəinki ölkədən kənarda, hətta respublikada Azərbaycan Milli Olimpiya Komitəsinin varlığı hiss olunmurdu. Amma sonrakı mərhələdə bu təşkilat idman sahəsində böyük işlər gördü, bu gün də o işləri davam etdirməkdədir. 1998-ci il dövlətimizin Olimpiya Hərəkatına qoşulması üçün bir istiqamət oldu. Belə ki, respublika ilk dəfə Qış Olimpiya Oyunlarına qatıldı. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya Oyunlarında respublika 5 nəfər idmançı ilə dörd yarışda təmsil olunurdu. 2000-ci ildə Sidney Olimpiadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu, ölkənin Olimpiya Hərəkatı tarixində ən böyük uğuru idi.

2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya Oyunlarının iştirakçısı olub. ABŞ-ın Soit Leyk Siti şəhərində keçirilən bu oyunlarda idmançılar 3 yarışda iştirak edib. Nəhayət, 2004-cü ilin avqustunda Afinada keçirilən Olimpiya Oyunlarında Azərbaycan idman tarixində ilk dəfə olaraq 5 medal qazanılıb. 2008-ci ildə Çində keçirilən Olimpiya Oyunlarında Azərbaycan 1 qızıl, 2 gümüş, 4 bürünc medal qazanıb. Bu gün ölkədə 64 idman növü inkişaf edir. Respublikada 53 idman federasiyası, 66 idman təşkilatı, 60 idman klubu, 170 idman məktəbi fəaliyyət göstərir. Federasiyalardan 23-ü olimpiya idman növünü, 36-sı qeyri-olimpiya idman növünü inkişaf etdirir. Hazırda Azərbaycanda 365489-dan çox şəxs idman və bədən tərbiyəsi ilə məşğul olur. Son 15 ildə beynəlxalq rəsmi yarışlardan ölkəyə 1000-dən çox medal gətirilib.

Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Belə ki, hər il müxtəlif beynəlxalq yarışlar, bədii gimnastika, taekvando, güləş, boks, karate və s. bu kimi olimpiya növlərinə daxil olan idman yarışlarının məhz Azərbaycanda keçirilməsi bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb.

2012-ci ildə Milli Olimpiya Komitəsinin 20 yaşı tamam oldu. Gənc olmasına baxmayaraq, dünyada nüfuzlu qurum kimi tanınan Milli Olimpiya Komitəsi ölkəmizin idman aləminə bələdçilik edir. Komitənin 20 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev çıxış edərək maraqlı fikirlər bildirib: "...Mən həqiqətən şadam ki, Azərbaycanda idman və Olimpiya hərəkatı artıq həyatımızın bir hissəsinə çevrilib, idmançılara və veteranlara münasibət yüksək səviyyədədir".

Bilirik ki, idman və Olimpiya Hərəkatı ilə bağlı Dövlət Proqramı qəbul edilib, bu proqram idman və Olimpiya hərəkatının inkişafının bir çox aspektlərini əhatə edir. Azərbaycan Milli Olimpiya Komitəsinin təkcə Azərbaycan üçün deyil, bütövlükdə Beynəlxalq Olimpiya hərəkatı üçün dəyərli olduğunu xarici mütəxəssislər də qeyd edib. 21 il ərzində ölkəmizin Olimpiya hərəkatında əldə etdiyi uğurları yüksək qiymətləndirən mütəxəssislər hesab edir ki, Azərbaycanın Olimpiya Oyunlarındakı nailiyyətləri bütövlükdə Avropada idmanın inkişafına bir töhfədir.

Əlbəttə ki, bu deyilənlərlə birmənalı olaraq razılaşmalıyıq. Çünki qısa bir zaman ərzində Azərbaycanın olimpiyaçıları bizim xalqın, dövlətin şöhrətini aləmə yayıb.

Dünyanın dörd ildən bir yaşadığı böyük idman festivalı Azərbaycan idmançılarının iştirakı ilə də zənginləşir, daha da maraqlı olur. Biz gözəl idman yarışları, gözəl təşkilatçılıq və ən əsası, gəncliyin, təcrübənin, insan imkanlarının nəticələrini bu yarışların timsalında görürük.

Olimpiada bir sevincdir, insan gözəlliyini, qabiliyyətini göstərmək imkanıdır. Hər bir müstəqil ölkə kimi, Azərbaycan da bu yarışda özünün ən yaxşı idmançıları ilə iştirak edir. İldən-ilə olimpiadaya göndərdiyimiz lisenziyalı idmançıların sayı artır, yüksək nəticələr əldə olunur.

 Təbii, ən güclü idmançılar qalib gəlirlər. Azərbaycan, digər sahələrlə yanaşı, bir idman ölkəsinə çevrilib. İnanırıq ki, idman ölkəsi Azərbaycan hər zaman qaliblər sırasında, yüksək mərtəbədə duracaq. Azərbaycan idmançıları, uğurlarınızı gözləyirik...

Yazı Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunmaq üçündür 

Bakı Xəbər.-2013.-15 avqust.-№ 143.-S.12.