Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Başa çatmaqda olan 2019-cu ildə idmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Prezident İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə bu məqama xüsusilə toxunaraq bildirmişdir ki, aparıcı beynəlxalq idman qurumları Azərbaycanı idman ölkəsi kimi tanıyırlar. Dövlətin yürütdüyü idman siyasəti nəticəsində idman uğurlarımızın qarşıdakı ildə də davam edəcəyinə inam böyükdür.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı. Xüsusilə qeyd etmək lazımdır ki, 1997-ci il cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu. Azərbaycanın beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirdi. Belə ki, 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Olimpiya Oyunlarında 2 qızıl, bir bürünc medalın qazanılması, bu nəticəyə görə dünyanın 199 ölkəsi arasında 34-cü yeri tutması belə deməyə ciddi əsas verir. Əlbəttə ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri hesab olunur. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla həmahəngdir.
Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır.
2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında Prezident İlham Əliyev idmançılarımızın qələbələrinin təsadüfi xarakter daşımadığını diqqətə çatdırmışdır: “Bizim idman sahəsində ən böyük nailiyyətimiz keçən Yay Olimpiya Oyunlarında qazanılmış qələbədir. Medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerə layiq görülmüşdür. Bu, tarixi qələbədir və bu, təsadüfi qələbə deyil. Çünki ondan bir il əvvəl – 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunlarında Azərbaycan komanda hesabında ikinci yerə qalxmışdır. Ona görə idman sahəsində qazandığımız uğurlar təsadüfi xarakter daşımır”.
Konseptual şəkildə ardıcıl işlərin görüldüyünü, veteran idmançılara diqqətin və qayğının göstərildiyini, onların dövlət tərəfindən mükafatlandırıldığını xatırladan dövlət başçısı bildirmişdir ki, idman mütəxəssisləri çox gözəl şəraitdə işləyirlər, idmançılar üçün də bütün şərait yaradılmışdır.
Hamıya məlumdur ki, idmanda böyük nəticələr güclü hazırlıq tələb edir və hazırlıq prosesi fasiləsiz olmalıdır. Ən əsası, yüksək hazırlıq keçmək üçün əlverişli, müasir tələblərə cavab verən infrastuktur yaradılmalıdır. Ölkə başçısı çıxışında bu mühüm amilə toxunaraq bildirmişdir ki, idmançılarımızın təlim-məşq toplanışları keçirmələri, eyni zamanda, beynəlxalq yarışlarda iştirak etmələri, habelə idmanla məşğul olmaları üçün yaxşı şərait yaradılmışdır. “Hazırda bizim ancaq bölgələrdə 45 Olimpiya İdman Mərkəzimiz var. Bu il bir mərkəz Beyləqan şəhərində mənim iştirakımla açılıbdır. İki Olimpiya İdman Mərkəzi açılışa hazırdır – Yardımlı və Tərtər rayonlarında. İki Olimpiya Mərkəzinin tikintisi davam etdirilir – Goranboy və Neftçala şəhərlərində. Yevlax şəhərində Olimpiya Mərkəzinin layihələndirmə işləri başa çatıb və əminəm ki, yaxın zamanlarda onun inşası başlanacaq”,– deyən Prezident İlham Əliyev hər bir rayonda müasir idman kompleksinin istifadəyə verilərək idmançılar üçün şərait yaradıldığını diqqətə çatdırmışdır. Ölkə başçısı bölgələrdə idman komplekslərinin istifadəyə verilməsini yüksək qiymətləndirərək demişdir ki, bu, həm gənc idmançıların idman bölmələrində hazırlıq keçmələri, həm də şəhər və rayon sakinləri üçün gözəl imkandır.
Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədidir. Əlbəttə ki, dövlət vətəndaşların idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Bu mənada hər bir azərbaycanlının idmana maraq göstərməsi və müntəzəm olaraq idmanla məşğul olması dövlətin diqqət mərkəzindədir. Təbii ki, dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də Vətənimizin sağlam gələcəyi deməkdir. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Prezident İlham Əliyev çıxışında bu mühüm məqamlara toxunaraq hər bir vətəndaşın müntəzəm olaraq idmanla məşğul olmasını tövsiyə etmişdir: “Mən tövsiyə edərdim ki, hər bir vətəndaş idmanla məşğul olsun. Özü də həftədə, ayda bir dəfə yox, müntəzəm olaraq. Bunun çox böyük xeyri var və əgər belə olarsa, hər bir insan öz həyatında bunu görəcəkdir”. Ölkə başçısı Azərbaycanın idman şöhrətini yüksəklərə qaldıran görkəmli idmançılarımıza da maarifləndirmə işində fəal olmalarını tövsiyə etmişdir. İndi hər bir insanın açıq havada idmanla məşğul olması üçün imkanların yaradıldığını vurğulayan Prezident İlham Əliyev millətin sağlamlığı baxımından bədən tərbiyəsinin kütləvi xarakter almasının vacibliyini də önə çəkmişdir.
İdman hər yaşda insanların sağlamlığı ilə bərabər, onların harmonik inkişafına da şərait yaradır, şagirdlərdə doğma məktəbin, tələbələrdə ali təhsil ocaqlarının, ümumilikdə isə Vətənin şərəfini müdafiə etmək kimi müsbət keyfiyyətlər tərbiyə edir. Buna görə də, idmanın kütləviliyi gənc nəslin mənəvi və fiziki inkişafı üçün vacibdir. Ümummilli lider Heydər Əliyev fiziki tərbiyə və idmanın inkişafına çox böyük diqqət ayırmış və öz çıxışlarının birində bu barədə belə demişdir: “İdmanın və bədən tərbiyəsinin inkişafı üçün görülən işlər, gələcəkdə görəcəyimiz işlər, dövlətin və hökumətin siyasətinin əsas istiqamətlərindən biridir”.
Müasir dövrdə fiziki tərbiyə və idman öz aktuallığını qoruyub saxlayır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamda, Azərbaycan gənclərini sağlam və fəal həyat tərzinə təşviq etmək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə 2013–2023-cü illəri əhatə edən İnkişaf Strategiyası və 2016–2020-ci illər üçün Dövlət Proqramı, bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2012–2020-ci illəri əhatə edən Milli Strategiya və Dövlət Proqramı hazırlanaraq həyata keçirilməkdədir. Prezident İlham Əliyev nitqində yaxın gələcəkdə tövsiyələri əsasında konkret təkliflərin olacağını və idmanın kütləviliyi ilə bağlı geniş proqramın tutulacağını bildirmişdir. Ölkə başçısı həmçinin kənd idmanının inkişafı, üçün xüsusi proqramın da tərtib edilməsinə və bu məsələyə diqqət verilməli olduğunu nəzərə çatdırmışdır.
Məlumdur ki, uşaq və yeniyetmələrin fiziki tərbiyəsi məsələləri müxtəlif sosial, psixoloji və digər amillərlə şərtlənir. Fiziki tərbiyə ilə bağlı iş müntəzəm və məqsədyönlü aparılarsa, o zaman onun keyfiyyət və səmərəsi xeyli yüksək olar. Bununla yanaşı, uşağın fiziki hərəkətləri yerinə yetirməsində valideynlər də maraqlı olmalıdırlar. Mütəxəssislər hesab edirlər ki, valideynlər övladlarına elə təsir göstərməlidirlər ki, onların idmana maraqları yüksək olsun, həvəsləri artsın. Bu zaman ailə şəraitində fiziki tərbiyənin inkişafına maneə də qalmayacaq. Eyni zamanda, bu sahədə hər hansı bir tapşırığı yerinə yetirərkən uşağın ustalığı təkmilləşir, yeni bacarıq, vərdişlər qazanır, güclənir. Təbii ki, hər bir cəmiyyətin sağlam və fiziki cəhətdən güclü gənclərə ehtiyacı var. Buna görə də, Prezident İlham Əliyev çıxışında gənclərin fiziki cəhətdən güclü olmalarının vacibliyinə toxunaraq əlavə etmişdir ki, idman vətənpərvərlik hisslərini böyük dərəcədə artırır: “Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var”.
Bir sözlə, Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının idarə olunması prosesi günün tələbləri səviyyəsində inkişaf etdirilir. Təkmilləşdirilən idman yönümlü qurumların sayı artırılır, bələdiyyələrin, yerli və regional qeyri-hökumət orqanlarının bu sahə üzrə fəaliyyətləri gücləndirilir. Əlbəttə, bu prosesin daha da genişmiqyaslı olması üçün dövlət üzərinə düşən öhdəlikləri yerinə yetirir və gələcəkdə də yerinə yetirəcək. Bununla yanaşı, hər bir vətəndaş da idmanın kütləviləşməsi işinə öz töhvəsini verməyə çalışmalıdır. Yalnız bu halda bədən tərbiyəsi və idmanın kütləviliyi kimi strateji vəzifələrin yerinə yetirilməsində arzulanan nəticələri əldə etmək mümkün olacaq. Əlbəttə, bu amili diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək və idmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaqdır.
Səbuhi Məmmədov
Xalq qəzeti. - 2019.- 27 dekabr. - № 289. - S. 5.