Minifutbol tarixində Azərbaycan imzası


Orxan MƏMMƏDOV: “Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq turnir əsl futbol bayramına çevrildi”

Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar respublikada Ulu Öndərin 100 illik xatirəsinə həsr olunmuş silsilə tədbirlər, konfranslar, eləcə də idman yarışları keçirilməkdədir. Azərbaycan Minifutbol Federasiyası da Ümummilli Liderin yubileyinə töhfə olaraq ölkəmizdə ilk dəfə minifutbol üzrə 10 ölkənin iştirakı ilə “Heydər Əliyev - 100” beynəlxalq turniri keçirir.

Beynəlxalq səviyyəyli yarışın necə təşkil olunması, o cümlədən, aparlan danışıqlar, hazırlıq prosesi, yüksək səviyyəli evsahibliyi, ən nahayət qarşıdakı hədəflərlə bağlı Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti, “Zirə” Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədovla görüşüb söhbətləşdik.

- Azərbaycan idmançılarının son dövrlərdə əldə etdiyi nailiyyətlər, Olimpiya hərəkatındakı uğurlarımız Ulu Öndər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının, müəyyənləşdirdiyi strategiyanın nəticəsi hesab etmək olarmı?

- Bu il ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin yubileyi ilə bağlı silsilə tədbirlər təşkil olunur. Azərbaycan Minifutbol Federasiyası olaraq, biz də özümüzə borc bildik ki, beynəlxalq turnir keçirək və yarışa müxtəlif ölkələrdən komandalar dəvət edək. Beynəlxalq Minifutbol Federasiyası ilə danışıqlar apardıq və onlar da bu ideyanı dəstəklədilər. Artıq turnir davam edir. Turniri Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiririk. Müxtəlif ölkələrdən 10 milli komanda turnirdə gücünü sınayır.

İl ərzində minifutbol üzrə müxtəlif yarışlar keçirilir. Milli komandalar bu yarışlarda güclərini sınayırlar. Biz də istədik ki, beynəlxalq turnirə evsahibliyi edək. Federasiyanı yaradanda, əsasən də Avropa çempionatının qalibi olduqdan sonra bu barədə düşünürdük. Çox sevindirici haldır ki, bu turnir Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Hazırlıqlarımız bu istiqamətdə getdi və çox mötəbər bir turnir ərsəyə gəldi. Yəqin ki, həm azarkeşlər, həm də minifutbol həvəskarları üçün Avropa çempionlarını doğma meydanda izləmək çox xoşdur. Əminliklə deyə bilərik ki, Ulu Öndərin xatirəsinə həsr olunan beynəlxalq turnir əsl futbol bayramına çevrilib.

- Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş mötəbər turnir yüksək səviyyədə təşkil edilib. Bu təcrübədən bəhrələnərək Avropa və dünya çempionatlarının yarışlarını, Çempionlar Liqasının oyunlarını ölkəmizdə keçirmək olarmı?

- Bəli, elə məqsədimiz də budur. Azərbaycan milli komandası Avropa çempionu olduqdan, federasiyamız dünya və Avropa Minifutbol Federasiyalarına üzv qəbul edildikdən sonra şəxsən özüm bir neçə dəfə danışıqlar aparmışam. Dünya Minifutbol Federasiyasının prezidenti hazırda Bakıdadır. Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirə qonaq kimi qatıldı və açılış mərasimində çıxış etdi. Bu günlər ərzində mənim də onunla bir neçə görüşüm baş tutdu və əsas mövzulardan biri dünya və Avropa çempionatlarını Bakıda keçirməklə bağlı oldu. Ən əsası bizim istəyimiz və kifayət qədər şəraitimiz var. Ölkəmiz beynəlxalq idman tədbirlərinə yüksək səviyyədə evsahibliyi edir. Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda ötən həftə Bakıda təşkil olunan “Formula -1” Azərbaycan Qran-Prisini də izlədi. Bu, bizim üçün çox xoş idi və o, ölkəmizin yüksək təşkilatçılıq bacarığına şahid oldu. Danışıqlar gedir və hesab edirəm ki, biz bir-iki il ərzində irimiqyaslı turnirə ev sahibliyi edəcəyik.

- Azərbaycanın minifutbol tarixində qazandığı böyük zəfərdən bir ilə yaxın vaxt keçib. Ötən dövr ərzində hansı yeniliklər olub və əsas hədəflər nədən ibarətdir?

-İdmançılar hər zaman deyirlər ki, çempion olmaq asandır, nəinki bu imici saxlamaq. Təbii ki, biz də belə düşünürük. Əlbəttə məqsədlərimiz çoxdur. Əsas məqsədimiz statusumuzu saxlamaqdır. Bu il dünya çempionatı keçiriləcək və orda da kifayət qədər yüksək – Avropa çempionuna layiq səviyyədə çıxış etmək əzmindəyik. İkinci məqsədimiz federasiya olaraq minifutbolun infrastrukturunu yaxşılaşdırmaqdır. Hazırda bu istiqamətdə işlər gedir. Ən əsas isə minifutbol yığmasının bazasını yaratmaq istəyirik. Bunun üçün artıq yer də ayrılıb. Müəyyən hazırlıqlardan sonra tikintiyə başlanacaq.

Gənc futbolçuların yetişdirilməsi də əsas məsələlərdəndir. Bakıda keçirilən turnir bizə imkan verəcək ki, yeni futbolçuların oyunlarını izləyək. Digər əsas məsələ isə ölkə çempionatının təkmilləşdirilməsidir. Bu istiqamətdə artıq nəticələr var. Bildiyiniz kimi, əvvəllər minifutbol çempionatları həvəskarların yarışı olaraq keçirilirdi. Biz bunu daha peşəkar səviyyəyə çatdırdıq. AFFA ilə danışıqlar aparmışıq ki, böyük futboldakı klublarımız minifutbol komandaları yaratsınlar və onları ölkə çempionatına buraxsınlar. Artıq bir neçə komanda hazırda davam edən ölkə çempionatında iştirak edir. İnaniram ki, gələcəkdə bütün Premyer Liqa klublarının öz minifutbol komandaları olacaq. Hesab edirəm ki, bu da çox önəmlidir. Çünki, kütləvilik əsasdır və bu, artıq var. Şəhərdə minifutbol meydançaları çoxdur. Yetərincə həvəskar futbolçular var ki, peşəkar olmaq istəyirlər. Təbii ki, elə əsas məqsəddə budur. Minifutbolun infrastrukturunun yaxşılaşdırılması milli komandaya və onun nəticələrinə kömək edəcək.

 - Bakıda keçirilən turnir çox məsul və mötəbər yarışdır. Milli komandamızın əsas hədəfi nə olacaq? Daha əvvəl qeyd etdiniz ki, həm uğur qazanmaq, həm də yeni futbolçuları sınamaq. Bunlardan ən önəmlisi hansıdır?

-Nəzərə alaq ki, burada iki məsələ var. Biz doğma azarkeşlər önünə həm Avropa çempionu kimi çıxır, həm də Ümummilli Lider Heydər Əliyevin yubileyi ilə bağlı turnirində mübarizə aparırıq. Əlbəttə ki, biz çempion olmağı hədəfləmişik. Təbii ki, bu bizim üçün çox önəmlidir. Nəzərə alsaq ki, yarış yoldaşlıq turniridir, yeni futbolçuları sınaqdan keçirmək imkanımız var. Hesab edirəm ki, bunların hər ikisi önəmlidir.

Turnirə kifayət qədər güclü komandalar qatılıblar. Onlar həm dünya, həm də Avropa çempionatlarında mütəmadi olaraq iştirak edirlər. Turnirdə ilk rəqibimiz Çexiya komandası dəfələrlə çempion olub. İnanıram ki, biz də çox gözəl nəticələr əldə edəcək və məqsədimizə çatacağıq.

-Azərbaycan Minifutbol Federasiyası olaraq aşağı yaş qrupları üzrə hər hansı strategiya hazırlanıbmı? Bu istiqamətdə hansı işlər görülür?

-Minifutbol həmişə qeyri-peşəkar idman növü olub. İnsanlar asudə vaxtlarını səmərəli keçirmək üçün, peşəkar idmançılar karyeralarını başa vurduqdan sonra, yaxud adi idmanla məşğul olanlar məhz minifutbolu seçirlər. Dünya miqyasında da biz bunları müşahidə edirik. Artıq dünya federasiyası yarandıqdan sonra bu idman növünə başqa gözlə baxmağa başladılar. Bəzi ölkələr federasiya da yaratdılar. Eyni hal ölkəmizdə də yaşandı. Biz federasiya yaratmağa başlayanda təkcə Bakıda 30-dan çox minifutbol meydançası var idi və kifayət qədər insan idmanın bu növü ilə məşğul olurdu. Ona görə də biz federasiyanı yaradanda çətinlik çəkmədik. Çünki artıq infrastruktur var idi. Heyəti formalaşdıranda biz keçmiş peşəkar futbolçulara, futzalçılara, çimərlik futbolçularına müraciət etdik. Heyətə nəzər salsaq bunu aydın görə bilərik. Biz düşünürük ki, peşəkar səviyyədə uşaq minifutbolunun olması da vacibdir. Qeyd etdiyim kimi, biz Premyer Liqa klubları ilə danışıqlar aparmışıq. Bəziləri komandalarını minifutbol çempionatına buraxıblar. Bu danışıqlarda əsas şərtlərdən biri də uşaq minifutbol komandasının yaradılmasıdır. Hesab edirəm ki, qısa bir zamanda böyük minifutbol klubları kimi, bir neçə uşaq komandası da olacaq.

-Həm Azərbaycan Minifutbol Federasiyasına, həm də “Zirə” futbol klubuna rəhbərlik edirsiniz. Çox da uğurludur. Oxşar sahələr olsa da, fərqli idman növləridir. Bunlar Sizə çətinlik gətirmir ki?

-Bilirsiniz ki, mən həm Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti, həm də bu federasiyanı yaradan şəxslərdən biriyəm. “Zirə” futbol klubunun Müşahidə Şurasının sədriyəm. Mən gün ərzində bütünlüklə hər iki sahəyə vaxtımı həsr edə bilmirəm. Hər iki qurumun prezidentləri var. Onlar gün ərzində həmin işlərlə məşğul olurlar. Mənimlə zəruri hallarda vacib qərarlar, strateji gündəliklərlə bağlı məsləhətləşirlər. Mən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədriyəm. Mənim gündəlik işim odur və vaxtımın çox hissəsini də ona həsr edirəm. O ki qaldı müxtəlif idman növlərinə, biz qaydalara baxanda görürük ki, çox fərqlilik var. Amma futbola olan marağı nəzərə alaraq, hesab edirəm ki, hər iki iş mənim üçün maraqlıdır. Biz çalışırıq ki, böyük məqsədlər uğrunda həm futbolda, həm də minifutbolda mübarizə aparaq.

- “Zirə” futbol klubunun baş məşqçisi Rəşad Sadıqovun müqaviləsinin vaxtı mövsümün sonunda başa çatır. Bu müqavilənin vaxtının uzadılması ilə bağlı danışıqlar gedirmi, yoxsa mövsümün nəticəsindən asılı olacaq?

-Bəli, biz onunla danışıqlara başlamışıq. Siz yəqin ki, “Zirə” futbol klubunun fəaliyyətini izləyirsiniz və görürsünüz ki, biz həmişə məşqçi seçiminə təmkinlə yanaşırıq. Hər hansı seçimi mövsümün sonunda və ya əvvəlində hansısa məqsədlər üçün qoyulur, sonra nəticəyə doğru irəliləyirik. Bir neçə mövsümdür ki, “Zirə” klubu olaraq əsas məqsədimiz avrokubolara vəsiqə əldə etməkdir. Çünki təəssüflər olsun ki, hələlik böyük məqsədlər uğrunda mübarizə apara bilmirik. Azərbaycan Premyer Liqasında komandaların sayı az olsa da, onlar yaxşı nəticələr əldə edir, gərgin idman mübarizəsi gedir. Biz büdcəmizə də qənaətlə yanaşırıq. Daha yüksək yerlər uğrunda mübarizə aparmaq çətin olur. Ötən mövsümə nəzər yetirsək görərik ki, kifayət qədər yüksək nəticə əldə etdik. Ölkə çempionatında üçüncü olduq. Kubok yarışlarının finalında güclü rəqibə qarşı mübarizə apardıq və oyunu penaltilərə daşıya bildik. Ancaq matçı penaltilərdə uduzduq.

Baş məşqçi Rəşad Sadıqovun ötən mövsümdəki işini kifayət qədər yüksək qiymətləndirirəm. Bu mövsüm hələ yekunlaşmayıb. Biz avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparırıq. “Zirə” klubunun rəhbəri olaraq baş məşqçinin fəaliyyətindən razıyıq. İstərdik ki, o təcrübəsi ilə komandamıza və ölkə futboluna hələ uzun illər xidmət etsin.

Müsahibəni apardı:
Elçin CƏFƏROV

Azərbaycan. - 2023.- 6 may. - № 93. - S. 9.